Basqal Dövlət Tarix və Mədəniyyət Qoruğunda bərpa işləri uğurla davam edir

“Basqal Dövlət Tarix və Mədəniyyət Qoruğunda bərpa işləri uğurla davam edir”.
Operativ Media xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Dövlət Turizm Agentliyinin tabeliyində olan “Basqal” və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına təşkil edilən mediatur zamanı bildirib.
Onun sözlərinə görə, Basqalın tarixi küçələri, bina və mərkəzi əraziləri mərhələli şəkildə yenidən qurulur. M. Ağabəyli qeyd edib ki, 2022-ci ildə birinci mərhələ tamamlandıqdan sonra bərpa prosesi növbəti mərhələ üzrə davam etdirilib. O bildirib ki, bərpa olunan küçələrin sayı artırılıb, Hamam Muzeyinin açılışından sonra isə mərkəzi tarixi binalarda genişmiqyaslı işlərə başlanıb:
“Bazar Meydanı yenidən qurulub və meydan ətrafındakı Hacı Bədəl Məscidində bərpa işləri aparılıb. İşlərin mərhələli şəkildə tamamlanmasına ciddi nəzarət olunur. Şeyh Məhəmməd Məscidi arxeoloji park konsepsiyası əsasında yenidən qurulur. İlkin mərhələdə aparılan arxeoloji tədqiqatlar nəticəsində qiymətli artefaktlar aşkar edilib. Daha sonra məscidin bərpası başa çatdırılaraq ərazi arxeoloji park kimi formalaşdırılıb.
“Partizan Məmməd” kimi tanınan Məmməd Bağırovun evləri italyan üslubunda bərpa olunur. Bu tikililərin həm muzey, həm də yaşayış yeri kimi istifadəsi nəzərdə tutulur; yuxarı mərtəbələr yaşayış üçün ayrılıb. Basqaldakı evlərin dam örtükləri də tarixi üsluba uyğunlaşdırılıb və birinci mərhələdə 40-dan çox evin damı əvvəlki görünüşünə qaytarılıb.
Şəhərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Bərpa işlərindən və turist axınının artmasından sonra bir sıra sakin yenidən Basqala qayıdıb. Hazırda burada 20-dən çox kiçik sahibkarlıq subyekti fəaliyyət göstərir və həm turistlərə, həm də yerli əhaliyə xidmət göstərir. Suvenir mağazaları, çay evləri və yeməkxanalar da fəaliyyət göstərir ki, bu da həm turist marağını artırır, həm də sakinlərin sosial həyatını canlandırır.”