Menyu

Dağların içində zamanda səyahət: Lahıc qəsəbəsindən FOTOLAR

Nərmin Qocamanlı
Dağların içində zamanda səyahət: Lahıc qəsəbəsindən FOTOLAR

İsmayıllı rayonunun dağları arasında yerləşən Lahıc qəsəbəsi özünün orta əsr şəhər mədəniyyəti elementlərini bu günə qədər qoruyub saxlaması ilə seçilən Azərbaycanın ən qədim yaşayış məkanlarından biridir. Qəsəbə qədim görünüşü, daş döşənmiş küçələri, səfalı təbiəti, usta əlindən çıxmış sənətkarlıq nümunələri və memarlıq xüsusiyyətləri ilə turistlərin sevimli ünvanına çevrilib. 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev Operativ Media-ya bildirib ki, qəsəbədəki tarixi mühit bütünlüklə qorunur və hər bir detal diqqətlə izlənilir.



Lahıc 1980-ci ildən Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Burada təkcə ayrı-ayrı abidələr deyil, bütün tarixi mühit – məhəllələr, dar küçələr, daş döşəmələr və tikililər kompleks şəkildə qorunur. Hər tarixi tikilinin üzərində inşa ili və dövlət tərəfindən qorunma statusunu göstərən lövhələr mövcuddur.

Tarixən Lahıc 7 məscid, 7 bulaq və 7 məhəllədən ibarət olub və Niyal silsiləsinə aid 7 dağın əhatəsində yerləşir. Hazırda bu məscidlərin bir qismi fəaliyyətini davam etdirir.

Qəsəbədə əsasən tatlar yaşayır, lakin özlərini “lahıclı” kimi identifikasiya edirlər. Hazırda təxminən 2000-ə yaxın sakin mövcuddur.

Lahıc əsrlər boyu Qafqazın ən tanınmış sənətkarlıq mərkəzlərindən biri olub. Xüsusilə XVIII–XIX əsrlərdə buradakı mis qablar, bəzək əşyaları və silahlar bütün Qafqazda və Yaxın Şərqdə böyük maraqla alınıb. XIX əsrin ortalarında 200-dən çox sənətkar emalatxanası fəaliyyət göstərirdi və burada 127 müxtəlif peşə növü inkişaf etmişdi. Bu gün də misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq kimi sənətlər davam etdirilir. Məşhur yerli misgərlərdən biri olan Kəbləmi Əliyev artıq 40 ilə yaxındır bu sənətlə məşğuldur və dədə-baba peşəsini gələcək nəsillərə ötürür.

Lahıcın ən diqqətçəkən xüsusiyyətlərindən biri də təxminən 1500 illik tarixi olan su və kanalizasiya sistemidir. Qəsəbənin mərkəzi küçəsinin altında 1 metr dərinlikdə, 2 km uzunluğunda üçsəviyyəli kollektor yerləşir. Yuxarı iki səviyyə içməli su üçün, üçüncü – çay daşı ilə hörülmüş alt hissə isə çirkab suların axıdılması üçün nəzərdə tutulub. Sistem bu gün də işlək vəziyyətdədir.

Bu gün Lahıc daş döşəməli küçələri, qədim memarlıq nümunələri, çoxəsrlik sənətkarlıq ənənələri və unikal su-kanalizasiya sistemi ilə ölkənin nadir yaşayış məkanlarından biri olaraq qalır. Buraya gələn hər kəs sanki zamanla yüz illər geriyə – orta əsrlərin ruhunun hələ də yaşadığı bir məkana düşür.

Əlaqəli Xəbərlər