Rəşad Əzizov: Son illərdə kino sahəsində nəzərəçarpan dinamika müşahidə olunur

"Son illərdə kino sahəsində nəzərəçarpan dinamika müşahidə olunur. Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyi son illərdə müxtəlif layihələrə dəstək verib. Bu layihələrə tammetrajlı bədii filmlər, sənədli filmlər, qısametrajlı işlər və animasiya layihələri daxildir. Proses hazırda da davam edir".
Operativ Media xəbər verir ki, bu sözləri ARKA-nın baş direktoru Rəşad Əzizov İctimai TV-nin efirində bildirib:
"Bu ay 23 yeni layihə qalib seçilib və növbəti ildə onların istehsalına başlanması planlaşdırılır. Hazırda həmin layihələrin satınalma mərhələsi həyata keçirilir və bu proses əvvəlki illərə nisbətən daha çox vaxt tələb edir. Çünki dövlət satınalmaları çərçivəsində işləmək özəl şirkətlərlə əməkdaşlıq zamanı hüquqi prosedurları artırır. Əvvəllər bütün istehsal “Azərbaycanfilm” kinostudiyası tərəfindən icra olunduğundan proses daha sadə idi.
Bu səbəbdən bu il üçün ayrılmış vəsaitin bir hissəsi növbəti ilə keçə bilər.
Ötən il Kino Agentliyinə dövlət büdcəsindən 8,5 milyon manat ayrılmışdı, lakin ilin ilk 10 ayı ərzində 9 milyon 611 min manat xərclənib. Bu, əsasən əvvəlki illərin öhdəliklərinin icrası ilə bağlıdır. Kino Agentliyi 2023-cü ilin ikinci yarısından etibarən real fəaliyyətə başlayıb və bu müddət ərzində qaydaların hazırlanması, müsabiqələrin keçirilməsi, bədii şuraların yaradılması kimi təşkilati işlər görülüb. Həmin dövrdə qəbul edilmiş öhdəliklərin bir hissəsi bu il, bəzi hissəsi isə 2025-ci ildə icra olunur.
Proses növbəti illərdə də bu şəkildə davam edəcək və xərclərin artması da mümkündür. Çünki istehsal olunan filmlərin sayının artırılması həm kino sənayesinin inkişafı üçün vacibdir, həm də Azərbaycanın "Global Innovation Index" göstəricilərinə təsir edir. Bu indeksdə tammetrajlı filmlərin sayı ayrıca indikator kimi nəzərə alınır.
Əsas məqsəd kino sənayesinin formalaşması və bu sahədə iştirakçıların artmasıdır. Çünki keyfiyyətə keçid məhz sənayenin genişlənməsi ilə mümkündür. Bu prosesin bir hissəsi dövlətin sifarişləri vasitəsilə, digər hissəsi isə satınalma olmadan yalnız dəstək mexanizmləri ilə həyata keçirilə bilər. Qanunvericilikdə bunun üçün artıq müvafiq maddələr mövcuddur.
Son illər aparılan islahatlar, xüsusilə 2022-ci ildə dövlət satınalmaları ilə bağlı qanunvericiliyin dəyişməsi müəyyən problemlərin yaranmasına səbəb olub. Əvvəllər dövlət birbaşa “Azərbaycanfilm” kinostudiyasına sifariş verə bilirdi. Hazırda isə bu yalnız istisna hallarda mümkündür. Məqsəd özəl sektorun inkişafıdır və bu sahədə artıq irəliləyiş var: təkcə bu ilin ilk 10 ayında audiovizual sahədə fəaliyyət göstərən subyektlərin sayı 8,8%, şirkətlərin sayı isə 4,4% artıb.
Bu prosesdə prodüser şirkətlərinin hüquqi biliklərinin və peşəkarlığının artırılması xüsusi əhəmiyyət daşıyır. Prodüksiyon Gildiyasının bu istiqamətdə mühüm rol oynaya biləcəyi qeyd olunur.
Kino sahəsində maliyyə öhdəliklərinin uyğunlaşdırılması artıq yekunlaşmaq üzrədir. Yeni qurulan agentlik müəyyən müddət ərzində bu səviyyəyə çatmalı idi və hazırda göstəricilər sabitləşir. Filmlərin istehsalı, layihələrin həyata keçirilməsi, təbliğat işləri, insan kapitalının artırılması və xarici şirkətlərlə əməkdaşlıq prosesləri davam edir.
Nazirlər Kabinetinin 38 nömrəli qərarının ləğvi ilə minimum və maksimum xəttlərin aradan qaldırılması bu sahədə mexanizmləri daha da gücləndirir, müəllif hüquqlarını qoruyur və istehsalda yaranan problemlərin həllinə şərait yaradır. Artıq bu ildən etibarən ARKA-nın maliyyə öhdəlikləri təmin ediləcək və gələn il yeni öhdəliklərin icrası davam etdiriləcək.
Hazırda bəzi məsələlər açıq qalır və bu suallar yaxın aylarda Milli Məclisdə müzakirə ediləcək. Kino sahəsinin növbəti illərdə necə inkişaf etdiriləcəyi strateji planlaşdırmanın tərkib hissəsi kimi qiymətləndirilir.
Əsas hədəf kəmiyyət yox, keyfiyyətdir. Prodakşn şirkətlərinin peşəkarlığı və iqtisadi dayanıqlığı bu prosesdə həlledici rol oynayır. Eyni zamanda, kino studiyasının inkişafı üçün də effektiv ekosistem qurulmalıdır və mövcud resurslardan məqsədəuyğun istifadə vacibdir".
