Adil Kərimli Ər-Riyadda səfərdədir
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən təşkil olunan 11-ci Qlobal Forumda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfərdədir.
Operativ Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
14–15 dekabr 2025-ci il tarixlərində keçirilən Forum mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və davamlı sülhün dəstəklənməsi məsələlərinə həsr olunub. Tədbirdə müxtəlif ölkələrdən dövlət və hökumət qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində mədəni diplomatiya və multikulturalizm mövzuları üzrə müzakirələr aparılır. Nazir Adil Kərimlinin bir sıra ikitərəfli görüşlər keçirməsi və Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüslər barədə qarşı tərəfləri məlumatlandırması nəzərdə tutulur.