Menyu

Azərbaycan opera kollektivi dünya səhnəsində

Operativ Media
Azərbaycan opera kollektivi dünya səhnəsində

Yanvarın 31-də Oman Sultanlığının Maskat şəhərində yerləşən “Royal Opera House Muscat” səhnəsində Cakomo Puççininin “Toska” operasının premyerası olacaq. 

Bu barədə Operativ Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tamaşada əsas partiya olan Mario Kavaradossi rolunu Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək. Səhnə əsəri izləyicilərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim ediləcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin dünyanın nüfuzlu opera məkanlarından hesab olunan “Royal Opera House Muscat” səhnəsində çıxışı milli opera sənətinin beynəlxalq səviyyədə təmsili baxımından əhəmiyyətli hadisədir. 

Qeyd edək ki, bu opera evi Ərəb dünyasında həcminə görə ikinci ən böyük opera teatrı hesab olunur.

Dünya opera irsinin tanınmış əsərlərindən olan “Toska” operasının Maskatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının iştirakı ilə təqdim olunması milli opera məktəbinin yaradıcı potensialını və beynəlxalq etimadı nümayiş etdirir.

Tamaşada Floriya Toska rolunu italyan soprano Carmen Giannattasio, Baron Skarpia rolunu isə tanınmış bariton Ambrogio Maestri ifa edir. Bununla yanaşı, operada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının digər solistləri də müxtəlif rollarda çıxış edərək səhnə heyətinin bədii bütövlüyünü təmin edirlər.

Tamaşanın səhnə quruluşu Davide Livermore, musiqi rəhbərliyi isə dirijor Fabio Mastrancelonun rəhbərliyi ilə həyata keçirilir.

Xatırladaq ki, “Royal Opera House Muscat” Sultan Qabus bin Səidin təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlayıb və Yaxın Şərqin aparıcı mədəniyyət mərkəzlərindən hesab olunur.

Əlaqəli Xəbərlər