Menyu

Dani Bolt: “Çempionlar Liqasında oynamaq hər futbolçunun arzusudur”

Operativ Media
Dani Bolt: “Çempionlar Liqasında oynamaq hər futbolçunun arzusudur”

Çempionlar Liqasında oynamaq hər bir futbolçunun arzusudur.

Operativ Media xəbər verir ki, bunu "Qarabağ”ın braziliyalı müdafiəçisi Dani Bolt ölkəsində yayımlanan “Lance” nəşrinə müsahibəsində deyib.

27 yaşlı futbolçu Azərbaycan futbolu, “Qarabağ”a transferi və UEFA Çempionlar Liqasında qazandıqları təcrübə barədə fikirlərini bölüşüb.

Mövsümün əvvəlində Portuqaliyanın “Torrense” klubundan Ağdam təmsilçisinə keçən Bolt bildirib ki, seçimində əsas amillərdən biri komandanın Çempionlar Liqasında çıxış etmək perspektivi olub. Onun sözlərinə görə, bu turnirdə oynamaq hər bir futbolçunun arzusudur:

“Çempionlar Liqasında oynamaq çox gözəl təcrübədir. Həmişə televiziyadan izləyirdim və özümü bu səviyyədə – “Liverpul” və “Çelsi” kimi böyük komandalarla qarşılaşarkən təsəvvür edirdim. Himni eşitmək və həmin anın içində olmaq mənim üçün xüsusi idi”.

Bolt turnirin atmosferindən də təsirləndiyini vurğulayıb. Müdafiəçi qeyd edib ki, buna baxmayaraq, meydanda hər şey bərabər olur:

“Atmosfer təsirlidir – azarkeşlər, stadion, hər şey. Amma oyun başlayanda 11-ə 11-dir. Biz öz oyunumuz üzərində fokuslanırıq və istənilən rəqiblə rəqabət apara biləcəyimizə inanırıq. Təsadüfi deyil ki, “Çelsi” ilə heç-heçə etdik”.

Braziliyalı futbolçu üçün ən yaddaqalan məqamlardan biri pley-off mərhələsinə vəsiqə qazanmaq olub. O bildirib ki, bu nailiyyət komandada xüsusi emosiyalar yaradıb.

Bolt “Liverpul”la oyun zamanı rəqib qapıçı Alisson Bekkerlə söhbətinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu tanışlıq əvvəlki karyerası ilə bağlıdır:

“Alissonun qardaşı Muriellə “Fluminense”də birlikdə oynamışdım. Fasilədə bu barədə danışdıq. O da mənə imzalı formasını verdi”.

Azərbaycan futbolu barədə danışan müdafiəçi çempionatın inkişaf etdiyini bildirib. O qeyd edib ki, “Qarabağ” beynəlxalq arenada ölkənin tanınmasına ciddi töhfə verir:

“Azərbaycan çempionatı inkişaf edir və diqqət çəkir. Braziliya ilə müqayisədə hələ o qədər tanınmır, amma inkişaf var”.

Sonda Bolt vurğulayıb ki, fərqli mədəniyyət və futbol mühitində çıxış etmək onun karyerasına müsbət təsir göstərir. O, hansı turnirdə oynamasından asılı olmayaraq əsas məqsədinin hər zaman qələbə qazanmaq olduğunu bildirib.

Əlaqəli Xəbərlər