"Liverpul" Salahın varisini tapdı
İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul"un, Məhəmməd Salahdan sonrakı dövr üçün "Hoffenheim" formasını geyinən Bazoumana Toureni hədəf aldığı iddia edilir.
Operativ Media Alman mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı cinah oyunçusu İngiltərə klubunun əsas namizədləri sırasındadır. "Liverpul" skautlarının Fil Dişi Sahili millisinin Şotlandiya ilə keçirdiyi qarşılaşmada gənc futbolçunu yaxından izlədiyi bildirilir.
"Bild" qəzetinin məlumatına görə, klub müşahidəçiləri xüsusilə oyunçunun fiziki gücü və dözümlülüyündən təsirləniblər. Bununla yanaşı, Premyer Liqanın digər klubu "Aston Villa"nın da oyunçu ilə maraqlandığı, "Manchester United" və "Arsenal"ın da Toureni izləyən klublar arasında olduğu qeyd edilir. "Liverpul"un son illərdə Bundesliqadan etdiyi transferlər də diqqət çəkir. İngiltərə təmsilçisi 2023-cü ildən bəri Dominik Szoboszlai, Ryan Gravenberch, Wataru Endo, Florian Wirtz, Hugo Ekitike və Jeremie Frimpong kimi futbolçular üçün cəmi 390 milyon avro xərcləyib.
2025-ci ilin fevral ayında "Hammarby" klubundan 10 milyon avroya transfer edilən Tourenin bazar dəyəri qısa müddətdə kəskin artıb. Transfer dövründə 9 milyon avro olan dəyəri, ardıcıl yenilənmələrdən sonra 35 milyon avroya çatıb. Klub tarixinin ən dəyərli oyunçusu olan gənc futbolçunun 2029-cu ilə qədər müqaviləsi var və sənəddə sərbəstqalma maddəsi yer almır. Bu səbəbdən transfer məbləği danışıqlar yolu ilə müəyyənləşəcək və "Hoffenheim"ın təxminən 40 milyon avro civarında bir təklif gözlədiyi bildirilir.
Tourenin oyun tərzinin Salaha bənzəməsi transfer ehtimalını gücləndirən amillər arasındadır. Sol ayağından istifadə edən gənc oyunçu, sağ cinahdan mərkəzə doğru hərəkət edərək qol imkanları yaradır. Bu mövsüm Bundesliqada 24 oyunda 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalan Toure, liqanın ən çox asist edən oyunçularından biri hesab olunur. O, bütün turnirlər daxil olmaqla çıxdığı 39 qarşılaşmada ümumilikdə 16 qola birbaşa töhfə verib.
"Hoffenheim"da Tourenin gələcəyi mövsüm sonundakı nəticələrə görə formalaşa bilər. Avropa kuboklarına vəsiqə qazanılmasa, klubun oyunçu satışlarından 65 milyon avro gəlir hədəflədiyi və bu halda Tourenin ayrılacağı gözlənilir. "Liverpul"un siyahısında alternativ variant kimi "RB Leipzig"in 19 yaşlı oyunçusu Yan Diomande də yer alır. Lakin zədə səbəbindən skautların onu Şotlandiya matçında izləyə bilmədiyi və "Leipzig"in bu transfer üçün 100 milyon avro civarında məbləğ tələb etdiyi qeyd olunur.