Konte İtaliya millisinin baş məşqçi postuna əsas namizəd oldu
Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizəd olub.
Operativ Media "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis İtaliya Futbol Federasiyasının (FIGC) prezidentliyinə namizədlər Covanni Malaqo və Cankarlo Abetenin dəstəyini qazanıb.
Mənbə qeyd edir ki, "Adzurri"nin əfsanələri Paolo Maldini, Alessandro Del Pyero və Demetrio Albertininin prezidentlik yarışına qoşulacağı ilə bağlı şayiələrə baxmayaraq, 67 yaşlı Malaqo və 75 yaşlı Abete hələ də əsas namizədlər hesab olunurlar. Kontenin əsas alternativləri isə Roberto Mançini və Massimiliano Alleqridir.
FIGC-nin yeni prezidenti iyunun 22-də keçiriləcək seçkilərdə müəyyənləşəcək. Bu səbəbdən milli komandanın bu ayın əvvəlində keçiriləcək növbəti iki oyunu baş məşqçi vəzifəsini icra edən şəxsin rəhbərliyi altında baş tutacaq.
Kontenin "Napoli" ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədə olsa da, klub prezidenti Aurelio De Laurentis artıq məşqçini İtaliya millisinə buraxacağını bəyan edib.