Leroy Mikels: Avrokuboklara vəsiqə qazanmaq istəyirik
“Zirə”nin hücumçusu Leroy Mikels Ruanda mətbuatına açıqlama verib.
Operativ Media xəbər verir ki, 30 yaşlı forvard son vaxtlar yaxşı forma yığması və ardıcıl matçlarda qol vurmasına münasibət bildirib.
O, Azərbaycana və “Zirə”yə uyğunlaşmasının bunda önəmli rol oynadığını bildirib: “Zirə” hədəfləri olan komandadır. Burada özümü çox rahat və sərbəst hiss edirəm. Həm ölkə kubokunda “Turan Tovuz”la oyunda, həm də çempionatda “Şamaxı” ilə görüşdə qol vurmağım məni sevindirməyə bilməzdi. Lakin “Şamaxı” ilə qarşılaşmada qalib gəlsəydik, sevincim daha böyük olardı. Yenə də bizim üçün işlərin yolunda getdiyini düşünürəm”.
Mikels “Zirə”nin avrokuboklara vəsiqə qazanmaq şansının heç də az olmadığını hesab edir: “Biz həm çempionatda, həm də ölkə kubokunda mübarizəmizi davam etdiririk. Hər iki cəbhədə sona qədər əlimizdən gələni edəcəyik. Əlbəttə ki, digər komandalar kimi biz də avrokuboklara vəsiqə qazanmaq istəyirik. Məncə, bunu bacaracaq heyətimiz var”.
Almaniya əsilli oyunçu ötən ay Ruanda millisinin heyətində debüt etməsinə də toxunub. O, yığmada gözəl başlanğıca nail olduğunu bildirib: “Həm Qrenada (4:0), həm də Estoniya (2:0) ilə oyunda qol vurdum. Bundan gözəl debüt ola bilməzdi. Eyni tempi bundan sonra da davam etdirməyə çalışacağam”.
Qeyd edək ki, Leroy Mikels “Zirə”yə mövsümün əvvəlində “Şamaxı”dan keçib.