Menyu

"Liverpul"un sahibləri Arne Slotu komandada saxlamaq istəyirlər

Operativ Media
"Liverpul"un sahibləri Arne Slotu komandada saxlamaq istəyirlər

"Liverpul"un sahibi olan "Fenway Sports Group" gələn mövsümdə də Arne Slotun baş məşqçi postunda qalmasını istəyir.

Operativ Media xəbər verir ki, bu haqda "The Telegraph" nəşri məlumat yayıb.

Komandanın son nəticələri azarkeşlər arasında böyük narazılığa səbəb olsa da, mənbə bildirir ki, fanatların istefa gözləntiləri klubun amerikalı sahiblərinin, eləcə də direktorlar Maykl Edvards və Riçard Hyuzun planları ilə üst-üstə düşmür.

Qeyd olunur ki, "Liverpul" rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə bir neçə amili əsas gətirir: Dioqu Jotanın vəfatının komandanın emosional vəziyyətinə ciddi təsiri, Məhəmməd Salahın formasında kəskin eniş və heyətdə zaman tələb edən genişmiqyaslı yenidənqurma işləri.

Slotun "qırmızılar"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Rəhbərlik indidən qərar vermək əvəzinə, niderlandlı mütəxəssisin işini 2026/27 mövsümünün startında qiymətləndirmək niyyətindədir. Əgər dəyişiklik baş verərsə, Slotun əsas əvəzləyicisi kimi hazırda klubsuz olan Xabi Alonso göstərilir.

Xatırladaq ki, "Liverpul" 31 oyundan sonra 49 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. Komanda bundan əvvəl İngiltərə Kubokunun dörddəbir finalında "Mançester Siti"yə (0:4), Çempionlar Liqasının ilk dörddəbir final oyununda isə PSJ-yə (0:2) məğlub olub.

Əlaqəli Xəbərlər