Azərbaycan millisinin üzvü: Yoldaşlıq görüşləri xeyrimizə olacaq
“Onlar üçün yaxşı təcrübə oldu”.
Operativ Media xəbər verir ki, bunu dünən Tbilisi Arenada Gürcüstanla keçirilən yoldaşlıq oyununda komandamızın ilk qolunu vuran Nihad İsmayılov azfutzal.az-a açıqlamasında deyib.
O, məğlubiyyətin səbəbləri haqda danışıb.
"Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından biz üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Belə deyim də, fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb olunan gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir.
Bu rəqiblə aprelin 11-də yenə qarşılaşacağıq. Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Oyundan oyuna yaxşı tərəfdən seçilir komandamız. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.