Canni İnfantino və Elxan Məmmədov Türkiyəyə səfər edib
FİFA prezidenti Canni İnfantino "FIFA Arena" layihəsinin bu gün keçiriləcək rəsmi açılış mərasimində iştirak etmək üçün İstanbula gəlib.
Operativ Media xəbər verir ki, FİFA-nın Üzv Federasiyalar üzrə direktoru Elxan Məmmədovun müşayiət etdiyi İnfantinonu İstanbul Hava Limanında Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Ethem Hacıosmanoğlu qarşılayıb.
Türkiyəyə yenidən gəlməkdən məmnunluğunu ifadə edən İnfantino uşaqların meydançalara çıxışını asanlaşdırmaq məqsədilə həyata keçirilən "FIFA Arena" layihəsinə böyük önəm verdiklərini vurğulayıb.
"FIFA Arena" layihəsi çərçivəsində Türkiyədə indiyədək, xüsusilə zəlzələdən zərər çəkmiş bölgələr başda olmaqla, 11 meydançanın inşası tamamlanıb. Bu gün saat 11:00-da Riva şəhərindəki Spor Toto Təşkilatı Orta Məktəbinin həyətində Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak və Canni İnfantinonun iştirakı ilə sayca 9-cu meydançanın açılışı baş tutacaq. Bu meydança həm də günəş panelləri və soyunma otaqları ilə təchiz olunmuş ilk "FIFA Arena" obyekti olması ilə fərqlənir.
Qeyd edək ki, 2025-ci ildə bu layihəyə start verən FİFA 2031-ci ilə qədər dünya üzrə 100 ölkədə ən azı min meydançanı istifadəyə verməyi hədəfləyir. Türkiyədə isə ilk mərhələdə 60 meydançanın tamamlanması və gənclərin idmana əlçatanlığının asanlaşdırılması planlaşdırılır.