"Neftçi"nin sabiq futbolçusu karyerasını Sinqapurda davam etdirəcək
"Neftçi"nin və Yaponiya millisinin keçmiş yarımmüdafiəçisi Keysuke Honda karyerasını Sinqapurun "Albireks Niigata Sinqapur" klubunda davam etdirəcək.
Operativ Media-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda növbəti mövsümdən etibarən "Curonq" adlanacaq.
Honda yeni komandasına avqust ayında qoşulacaq və Sinqapurda 2026/27 mövsümünü keçirəcək.
"“Curonq”da çıxış etmək imkanı qazandığım üçün xoşbəxtəm. Bu il 40 yaşım tamam olur və qarşıma bir neçə şəxsi məqsəd qoymuşam. Bunlardan biri də müxtəlif ölkələrin yüksək liqalarında vurduğum qolların sayına görə Ginnesin Rekordlar Kitabına düşməkdir. Lakin bu klubdakı əsas hədəfim çempionluq titulunu qazanmaqdır. Bir neçə çox güclü rəqibimiz var, ona görə də bizi çətin sınaq gözləyir, lakin mən bu məqsədə çatmaq əzmindəyəm", — deyə Honda bildirib.
39 yaşlı yaponiyalının son klubu Butanın "Paro" komandası olub. Yarımmüdafiəçi karyerası ərzində həmçinin "VVV-Venlo", "Naqoya Qrampus", "Milan", ÇSKA, "Paçuka", "Melburn Viktori", "Vitess", "Botafogo", "Portimonense", "Neftçi" və "Suduva" klublarının da formasını geyinib.