Valdas Dambrauskas: Nə üçün belə sadə qollar buraxırıq, bilmirəm
Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.
Operativ Media xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Həqiqətən, çox yaxşı oyun alındı. Azarkeşlər üçün də maraqlı idi. İlk dəqiqədən etibarən sadəcə qalib gəlmək üçün mübarizə apardıq. Üç xalı qazanmaq istəyirdik. Oyun prinsiplərimizə sadiq qaldıq, topa çox nəzarət etdik, hücumlar qurduq. “Zirə”ni də təbrik edirəm. Bura bir xal üçün gəlmişdilər və bunu da əldə etdilər. Onları da təbrik edirəm. Ardıcıl üç oyundur, hesabda geri düşürük və sonra oyunu bərabərləşdiririk. İkinci hissədə çoxlu qol şanslarımız oldu. Sanki əlavə 3-4 dəqiqə də olsaydı, qol vuracaqdıq. Bizim günümüz deyildi. Bu matçı unutmalı və bərpa məşqinə köklənməliyik.
– “Qarabağ”ın xal itirməsi bugünkü oyuna nə dərəcə təsir etdi?
– Bu haqda düşünmürəm. Bu gün meydanda dominant tərəf biz idik. Səhvlərimizə görə qollar buraxdıq. Dərindən təhlillər etməliyik. Rəqib ilk hissədə iki hücuma iki qol vurdu. Nə üçün belə sadə qollar buraxırıq, bilmirəm. Təhlil edəcəyik. Digər komandaların nəticələrinə baxmırıq. Kiminsə köməyinə ehtiyacımız yoxdur. Öz oyunumuza və nəticələrimizə baxırıq.
– Şamaxıdakı nəticə futbolçuları psixoloji cəhətdən rahatlaşdırmadı?
– Nə üçün belə düşünürsünüz? Bu gün yaxşı oynadıq, dominant olduq. Bilmirəm, oyuna baxmısınız, ya yox… son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücumda idi. Qol vurmağı düşünürdük. Futbolda üç nəticə var: bərabərlik, heç-heçə, məğlubiyyət. Bu gün heç-heçə oldu. İndi bunu unudub, növbəti oyuna hazırlaşmalıyıq.