Azərbaycan millisinin baş məşqçisi: Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə səfərdə keçiriləcək oyunöncəsi fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, o, bu haqda AFFA-nın mətbuat xidmətinə danışıb.
Təcrübəli mütəxəssis Andorra ilə oyunların əhəmiyyətini vurğulayıb.
"Sabah çox vacib oyuna çıxacağıq. Andorra yığması ilə ardıcıl iki dəfə qarşılaşacağıq. İndiki məqamda yalnız səfər matçını düşünürük. Qrupda daha yaxşı mövqedə qərarlaşmaq üçün Andorra ilə görüşlər böyük önəm kəsb edir. İspaniyada beş günlük təlim-məşq toplanışı keçdik, oyuna yaxşı hazırlaşdıq. Futbolçular da çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər. Rəqib barədə bütün məlumatları onlarla bölüşmüşük. Komanda oyuna tam hazırdır. Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”.
Qeyd edək ki, C liqasının 3-cü qrupu çərçivəsində aprelin 14-də Andorra la Vella şəhərindəki Milli Stadionda keçiriləcək Andorra – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.