Azərbaycanda “Təmiz Hava” aylığına start verilir
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə Tədbirlər Planına əsasən, 2026-cı il aprelin 25-dən mayın 15-dək respublika ərazisində “Təmiz Hava” aylığının keçirilməsi nəzərdə tutulmuşdur.
DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, birgə həyata keçiriləcək tədbirin əsas məqsədi, atmosfer havasının çirklənməsinin qarşısının alınması, nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli tullantıların minimuma endirilməsi, ekoloji təhlükəsizliyin təmin olunması və əhalinin sağlam ətraf mühitdə yaşamasına töhfə verməkdir.
"Aylıq çərçivəsində yol polisi əməkdaşları tərəfindən ekoloji normalara cavab verməyən, normadan artıq tüstü və zərərli qaz buraxan nəqliyyat vasitələri müəyyən edilərək qanunvericiliyə uyğun tədbirlər görüləcək. Eyni zamanda sürücülərlə maarifləndirici söhbətlər aparılacaq, nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsi və saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılacaq.
Sürücülərdən nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı, atmosfer havasının qorunmasına dəstək olmağı xahiş edir və bütün yol hərəkəti iştirakçılarını “Təmiz Hava” aylığı tədbirlərinə töhfə verməyə çağırırıq", - məlumatda qeyd olunub.