Almaniya Bundestaqının nümayəndə heyəti Milli Məclisdə olub
Milli Məclisin sədr müavini Musa Qasımlı ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə vitse-spiker Musa Qasımlı Almaniyanın bizim üçün dost ölkə olduğunu, xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyib. Qeyd edib ki, Azərbaycan dövləti ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub saxlanılmasını təmin edir. O, Azərbaycan Prezidentinin 2016-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzaladığını vurğulayaraq, bunun alman xalqına hörmət və diqqətin bariz nümunəsi olduğunu bildirib.
Söhbət zamanı ötən müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyi, siyasi, iqtisadi, humanitar əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanların olduğu, ölkəmizdə bir çox alman şirkətlərinin uğurla fəaliyyət göstərdiyi söylənilib.
Görüşdə dövlətlərarası münasibətlərdə parlamentlərin xüsusi rolu vurğulanıb, qonaqlara Milli Məclisin tərkibi, prosedur qaydaları, qanunvericilik fəaliyyəti barədə məlumat verilib. Bu sahədə əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Söhbətdə 2023-cü ildə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Almaniyaya səfəri xatırlanaraq, bunun ikitərəfli əlaqələrin inkişafı və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi baxımından önəmi qeyd edilib. Eyni zamanda, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyətinin, deputatlar arasında daha sıx təmasların qurulmasının parlamentlərarası əlaqələrin möhkəmlənməsinə töhfə verdiyi söylənilib.
Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edis səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək, Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının tərəflər üçün faydalı olduğunu söyləyib. O, ölkəmizə səfərləri çərçivəsində Almaniya nümayəndə heyətinin Göygöl və Şəmkir rayonlarında, Xankəndi və Şuşa şəhərlərində olduğunu söyləyərək, öz təəssüratlarını bölüşüb.
Qonaq parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışaraq, Almaniya Bundestaqının fəaliyyəti, rəhbərlik etdiyi dostluq qrupu barədə söhbət açıb, ölkələr arasında münasibətlərin inkişafında qanunverici orqanların birgə işinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Fikir mübadiləsi zamanı Almaniya Bundestaqı nümayəndə heyətinin üzvləri Daniel Köbl, Macit Karaahmetoğlu, Sergey Minix, Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann çıxış edərək, Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığin inkişafı ilə bağlı fikirlərini bölüşüblər, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd ediblər.
Görüşdə Milli Məclisin Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya nümayəndə heyətinin üzvü Katerina Bienert və digər rəsmi şəxslər iştirak ediblər.