ABŞ iş vizalarının rüsumunu 103 min dollardan yuxarı qaldıra bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici mütəxəssislərin ölkədə işə qəbulunu tənzimləyən H-1B kateqoriyalı vizaların rəsmiləşdirilməsi üçün 103 min dollardan çox rüsum tətbiq etməyi təklif edib.
Operativ Media xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hökumətin rəsmi sənədlər toplusu olan federal reyestrdə dərc olunan bildirişinə əsasən, müraciət edənlərdən əlavə olaraq 103 265 dollar məbləğində rüsumun alınması nəzərdə tutulur. Sənəddə bu maliyyə tələbinin digər mövcud ödənişlərlə yanaşı tətbiq ediləcəyi vurğulanır və ictimaiyyətin rəyinin öyrənilməsi üçün 30 günlük müddət müəyyənləşdirilib.
Məlumata görə, cari ilin iyun ayında Massaçusets ştatının dairəvi məhkəməsi H-1B vizaları üçün 100 min dollardan artıq rüsum tələb olunmasını qanunsuz hesab edərək qərarın icrasını dondurub, lakin administrasiya bu hökmə qarşı apellyasiya şikayəti ünvanlayıb. Qeyd olunub ki, vizaların verilməsi qaydalarının dəyişdirilməsi ilə bağlı müvafiq fərmanı D.Tramp 2025-ci ilin sentyabrında imzalayıb və Vaşinqton rəsmiləri bu yeniliyin yerli işəgötürənləri xaricilər əvəzinə ABŞ vətəndaşlarını işə götürməyə və öyrətməyə sövq edəcəyini bildiriblər.
Xatırladaq ki, xarici peşəkarların cəlb olunması məqsədilə Konqres tərəfindən 1990-cı ildə təsis edilən bu proqram şirkətlərə müxtəlif ixtisaslar üzrə əcnəbi işçiləri altı ilədək müddətə cəlb etməyə imkan yaradır. Say məhdudiyyəti tətbiq olunan vizalar üçün işəgötürənlərin ödədikləri cari rüsumlar 1,7 min dollardan 4,5 min dollayadək dəyişir.
dəqiqələr içində saytın olsun.