Rəqəmsal texnologiyalar üzrə güzəştlərlə bağlı qanun yenidən MM-də müzakirəyə çıxarılıb
“Rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün nəzərdə tutulan güzəşt və imtiyazlar innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı il iyulun 14-də Milli Məclis tərəfindən qəbul edilmiş və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən subyektlər üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutan 453 nömrəli qanun Prezident tərəfindən Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb.
Şahmar Mövsümovun sözlərinə görə, həmin müddət ərzində qanun aidiyyəti dövlət orqanları ilə birlikdə yenidən müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib.
O qeyd edib ki, qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb.
“Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. O, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”, - deyə Şahmar Mövsümov bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də müzakirə olunub və komitənin müvafiq rəyi hazırlanıb.
Şahmar Mövsümov qanunun təkmilləşdirilmiş redaksiyasının dəstəklənməsinin vacibliyini vurğulayıb və deputatları layihəyə səs verməyə çağırıb.
dəqiqələr içində saytın olsun.