Deputat: Azərbaycanda ailə dəyərlərinin qorunması üçün yeni qanuna ehtiyac var
“Düşünürəm ki, Təhsil haqqında qanuna yenidən baxılmasına, Ali təhsil və distant təhsil haqqında qanunların hazırlanmasına və qəbul edilməsinə xüsusi ehtiyac var”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, dünyada baş verən proseslər təhsil sahəsində islahatların sürətləndirilməsini, qanunvericilik bazasının təkmilləşdirilməsini və gücləndirilməsini zəruri edir.
Ceyhun Məmmədov peşəkar kadr hazırlığının xüsusi önəm daşıdığını vurğulayıb və gələcəkdə Təhsil məcəlləsinin qəbul edilməsini təklif edib.
Deputat, həmçinin süni intellekt və sosial media haqqında ayrıca qanunların qəbul edilməsinin vacibliyini qeyd edib.
“Süni intellekt sürətlə insanlarımızın həyatına daxil olmaqdadır. Müsbət tərəflərlə yanaşı bizi dövlətçilik baxımından narahat edən xeyli məsələ var. Burada süni intellektdən düzgün istifadə, xüsusilə təhlükəsizliklə bağlı xeyli məsələlər var. Onların nəzərə alınmasına ehtiyac var”, - deyə o bildirib.
Ceyhun Məmmədovun sözlərinə görə, bu proses indidən tənzimlənməsə, gələcəkdə onun qarşısını almaq çətin olacaq.
O, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı ayrıca qanunun qəbul edilməsini də təklif edib.
Deputat bildirib ki, sürətli qloballaşma prosesi milli-mənəvi dəyərlər üçün müəyyən təhdidlər yaradır və onların qorunması üçün hüquqi baza yaradılmalıdır.
Ceyhun Məmmədov ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun hazırlanmasını da təklif edib.
“Bu gün Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir. Bu proseslərin qarşısının alınması üçün əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac var. Proseslər bu templə davam etsə, gələcəkdə Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”, - deyə deputat qeyd edib.
dəqiqələr içində saytın olsun.