Menyu

Ballıca məktəbinin müəllimi: Bu torpaqda müəllim olmaq mənim üçün müqəddəs borcdur

Ayşən Sadıxzadə
Ballıca məktəbinin müəllimi: Bu torpaqda müəllim olmaq mənim üçün müqəddəs borcdur
2 dəq oxu

“Ballıca kəndində müəllim olmaq sadəcə dərs demək deyil, bu, tarixi ədalətin bərpa olunduğu bir yerdə gələcəyin təməlini qoymaqdır. Ocağı sönmüş torpaqlarda yenidən həyatı, uşaq gülüşünü və elm işığını canlandırmaq mənim üçün böyük şərəf, qürur və müqəddəs bir borcdur”.

Operativ Media xəbər verir ki, bunu Xocalı rayonunun Ballıca kənd tam orta məktəbinin riyaziyyat müəllimi Əminə Əliyeva deyib.

O, Ballıca kəndində müəllim kimi fəaliyyət göstərməyin onun üçün xüsusi məna daşıdığını bildirib. Əminə Əliyevanın sözlərinə görə, Qarabağda müəllim olmaq həm də tarixi yaddaşın daşıyıcısı olmaq deməkdir.

“Burada müəllim olmaq həm də tarixi yaddaşın daşıyıcısı olmaq deməkdir. Mənim əmilərim, atam bu torpaqlar uğrunda döyüşüb və bir əmim Milli Qəhrəmandır. Onların can qoyduğu bu torpaqda müəllim olmaq mənim üçün sözlərlə ifadə olunmayacaq bir duyğudur”, – deyə o qeyd edib.

Əminə Əliyeva Ballıca məktəbinə ilk dəfə gəldiyi zaman yaşadığı hisslərdən də danışıb.

“Məktəbə ilk addım atanda 32 il sonra bu torpaqlara müəllim olaraq gəlməyin qüruru və uşaqların gözündəki parıltını hiss etmək məni çox təsirləndirdi. Dağıdılmış, lakin yenidən ayağa qaldırılan bu ocaqda uşaqların böyük bir ümidlə təhsilə sarılması insanın içində həm qürur, həm də kövrəklik yaradır”, – deyə müəllim bildirib.

Onun sözlərinə görə, Ballıca məktəbinin şagirdləri vətənpərvər, məqsədyönlü və qurub-yaradan gənclərdir.

“Onların arzuları sadəcə özləri üçün yaşamaq deyil; doğma kəndlərini, Ballıcanı və bütün Qarabağı ölkənin ən gözəl, müasir və inkişaf etmiş guşəsinə çevirməkdir. Hər biri gələcəyin mühəndisi, həkimi, uğurlu müəllimi olmaq istəyir”, – deyə Əminə Əliyeva vurğulayıb.

Müəllim Qarabağın yenidən qurulmasında təhsilin və müəllimlərin rolunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

“İnfrastruktur bərpa olunur, binalar tikilir, yollar çəkilir – lakin bu torpaqlarda əsl ruhu, dəyəri və sabahı yaşadan təhsildir. Biz, müəllimlər şagirdlərimizə müasir biliklər verməklə yanaşı, onlara bu torpağa sahib çıxmağın məsuliyyətini də aşılayırıq”, – deyə o bildirib.

Əminə Əliyeva süni intellekt və texnologiyaların müəllimlərin fəaliyyətinə təsirindən də danışıb.

“Texnologiya və süni intellekt məlumat əldə etməyi sürətləndirir, lakin müəllimin insani dəyərini, mənəvi təsirini və empatiyasını əvəz edə bilməz. Bu gün müəllim sadəcə bilik ötürücü deyil, həm də şagirdə rəqəmsal dünyada düzgün istiqamət verən bir bələdçiyə və mentora çevrilir”, – deyə müəllim qeyd edib.

O, müəllimlik fəaliyyətində onu ən çox motivasiya edən amilin şagirdlərinin uğurları olduğunu vurğulayıb.

“Məni hər səhər məktəbə böyük həvəslə gəlməyə vadar edən səbəb uşaqların hər uğurunda, onların gözündəki o kəşf sevincində öz əməyimi görməkdir. Bilirəm ki, biz burada sadəcə dərs keçmirik, sabahın güclü və savadlı cəmiyyətini qururuq”, – deyə Əminə Əliyeva bildirib.

Müəllimlər Günü münasibətilə həmkarlarına və şagirdlərinə müraciət edən Əminə Əliyeva bütün müəllimləri təbrik edib:

“Qarabağın azad torpaqlarında məşəl yandıran hər bir müəllimin əməyi əvəzsizdir. Şagirdlərimizə isə hər zaman oxumağı, öyrənməyi, vətənimizi sevməyi və qarşılarına qoyduqları uca hədəflərə inamla irəliləməyi arzulayıram. Bayramınız mübarək!”

Qeyd edək ki, Əminə Şahmar qızı Əliyeva Xocalı rayonunun Ballıca kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışır. O, diaqnostik qiymətləndirmədə 56, sertifikasiya imtahanında isə 59 bal toplayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər