Emin Əmrullayev: Müəllimlər daha yüksək nəticə göstərən məzunlar arasından seçilməlidir
“Müəllim seçiminin hansı səviyyədə məzunlar arasından aparılması təhsilin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Müəllimlər daha yüksək nəticə göstərən məzunlar arasından seçilməlidir. Son 10 ildə, xüsusilə bəzi fənlər üzrə müəllimlərin qəbul nəticələrində əhəmiyyətli irəliləyiş müşahidə olunur”.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”nda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların göstəricisi 2014-cü ildən etibarən 14 faizdən 45 faizə yüksəlib. PISA nəticələrinə əsasən, ən azı bir il məktəbəqədər təhsil alan uşaqların nəticələri bu təhsilə cəlb olunmayan uşaqlardan daha yaxşıdır.
Emin Əmrullayev bildirib ki, təhsildə əsas itkilərdən biri ibtidai təhsil mərhələsində baş verir. Buna görə də ibtidai təhsil nazirliyin əsas prioritet istiqamətlərindən biridir.
Nazirin sözlərinə görə, əvvəlki qiymətləndirmələrdə 4-cü sinif şagirdlərinin təxminən 50-60 faizinin növbəti siniflərdə təhsil zamanı çətinlik çəkdiyi müşahidə olunub. Son ölçmələrdə isə bu göstərici əhəmiyyətli dərəcədə azalıb.
O bildirib ki, 2026-cı il PIRLS və 2027-ci il TIMSS nəticələrinin ibtidai təhsilin vəziyyətini daha dəqiq qiymətləndirməyə imkan verəcəyi gözlənilir.
Nazir vurğulayıb ki, ibtidai təhsilin sonunda möhkəm baza formalaşmadan tam orta və ali təhsildə əsaslı dəyişikliklərə nail olmaq çətindir.
dəqiqələr içində saytın olsun.