Menyu

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına nəzarət elektron sistemə keçirilir

Operativ Media
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına nəzarət elektron sistemə keçirilir
2 dəq oxu

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına nəzarət elektron sistem üzərindən həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov bu gün sərəncam imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, operatoru olduğu "e-monitorinq" Portalında Dövlət Proqramının icrasının monitorinqi və hesabatlılığı üçün xüsusi modul formalaşdırsın. Modulun 3 ay müddətində yaradılması və növbəti ildən monitorinq və qiymətləndirmənin həmin modul üzərindən aparılması nəzərdə tutulur.

Yeni modulda Dövlət Proqramı üzrə tədbirlərin icraçı qurumları, şəhər və rayonlar, icra müddətləri və layihələr barədə məlumatlar əks olunacaq. Həmçinin layihələr üzrə ərazi planlaşdırılması, tikintiyə icazə, texniki-iqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza və dövlət ekoloji ekspertizasının rəyləri, maliyyələşmə, satınalma və müqavilələr barədə məlumatların sistemləşdirilməsi təmin ediləcək.

Sistem vasitəsilə layihələrin icra vəziyyəti və hesabatlılığı barədə məlumatların operativ izlənməsi mümkün olacaq.

Bundan başqa, Dövlət Proqramının icrasının monitorinqi üçün aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemlərinin "e-monitorinq" portalına inteqrasiyası həyata keçiriləcək.

Mərkəz 2028-ci ildən başlayaraq Dövlət Proqramının icrasının monitorinqinin nəticələri barədə məlumatları hər il aprelin 30-dək Nazirlər Kabinetinə təqdim edəcək. Qiymətləndirmənin nəticələri isə 2029-cu və 2031-ci illərin iyunun 30-dək təqdim olunacaq.

Dövlət Proqramı üzrə əsas icraçı qurumlar 10 gün ərzində məsul şəxslər təyin etməli, iki ay müddətində isə tədbirlərin nəticə indikatorları üzrə illik hədəf göstəricilərini müəyyənləşdirərək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Layihələrin icrası ilə bağlı məlumatlar 2027-ci ildən başlayaraq rüblük əsasda "Layihə idarəetməsi" moduluna yerləşdiriləcək. İlin yekunları üzrə məlumatların isə 2028-ci ildən etibarən hər il fevralın 25-dək təqdim edilməsi nəzərdə tutulur.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi isə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsi və özəl sektor tərəfindən nəzərdə tutulan, ayrılan və istifadə edilən vəsaitlər, həmçinin növbəti illər üçün tələb olunan maliyyə vəsaiti barədə məlumatları rüblük əsasda sistemə daxil edəcəklər. Beynəlxalq maliyyə institutlarının ayırdığı vəsaitlər və kreditlər barədə məlumatlar da elektron sistemdə əks olunacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər