Menyu

III Tələbə Mentorluq Proqramı uğurla yekunlaşıb

Operativ Media
III Tələbə Mentorluq Proqramı uğurla yekunlaşıb
2 dəq oxu

“Yüksəliş” müsabiqəsinin qaliblərinin iştirakı ilə həyata keçirilən III Tələbə Mentorluq Proqramı uğurla başa çatıb.

Operativ Media xəbər verir ki, 11 müxtəlif universitetdən ümumilikdə 628 nəfər proqrama müraciət edib. Müraciətlər arasından seçilmiş 83 tələbə Mentorluq Proqramına cəlb olunub. Onlardan 42 nəfəri proqramı uğurla tamamlayaraq sertifikatla təltif edilib, 22 tələbə isə xüsusi fəallığı və yüksək nəticələri ilə fərqlənmə diplomu əldə edib.

Yekun tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, Tələbə Mentorluq Proqramının əsas məqsədi yalnız tələbələrə bilik ötürmək deyil, “Yüksəliş” qaliblərinin idarəçilik təcrübəsini gənclərlə bölüşərək onların potensialının üzə çıxmasına və gələcək karyera seçimlərinə dəstək olmaqdır. O vurğulayıb ki, proqram çərçivəsində formalaşan mentor–tələbə əməkdaşlığının real məşğulluq və inkişaf imkanlarına çevrilməsi layihənin əsas nəticələrindən biridir.

Tədbir zamanı “Yüksəliş” müsabiqəsinin qalibləri, İşçi Qrupunun üzvləri və proqram iştirakçıları mentorluq dövründə qazandıqları təcrübələri bölüşüblər. Çıxışlarda mentor və tələbələr arasında qurulan əməkdaşlığın bilik və təcrübə mübadiləsi ilə yanaşı, gənclərin potensialının üzə çıxarılmasına və onların gələcək peşəkar inkişafına töhfə verdiyi qeyd olunub.

Proqram çərçivəsində tələbələrin fərdi inkişafının qiymətləndirilməsi məqsədilə proqramı uğurla başa vuran tələbələr HEXACO psixoloji qiymətləndirmə testindən də keçiblər. Test nəticələri əsasında hər bir iştirakçı üçün fərdi hesabat hazırlanıb.

III Tələbə Mentorluq Proqramı çərçivəsində tələbələr üçün 6 modul üzrə 17 təlim təşkil edilib, ümumilikdə 300-ə yaxın mentorluq görüşü keçirilib. Proqramda “Yüksəliş” müsabiqəsinin I, II, III və IV mövsümlərinin qalibləri olmaqla 27 nəfər mentor qismində iştirak edib.

I, II və III Tələbə Mentorluq Proqramları üzrə ümumilikdə 221 nəfər proqramda iştirak edib, 153 nəfər isə proqramı uğurla başa vuraraq məzun olub.

Tələbə Mentorluq Proqramının iştirakçılarının bir qismi mentorların dəstəyi ilə işlə təmin olunub, bir sıra tələbələr isə müxtəlif təcrübə proqramlarına və layihələrə cəlb ediliblər.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər