Narkotik qaçaqmalçılığında istifadə edilən tez xarab olan malların aqibəti necə olur? - İZAH
Azərbaycan Ali Məhkəməsi narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığında cinayətin törədilməsində vasitə kimi istifadə olunan tez xarab olan malların satışından əldə edilən pul vəsaitinin dövlətə keçirilməsi və ya qanuni sahibinə qaytarılması qaydasına aydınlıq gətirib.
Operativ Media sənədi əldə edib və sürücülərin diqqət etməli olduqları vacib məqamları oxucuların diqqətinə çatdırır.
Ali Məhkəmənin icmalında bildirilib ki, narkotik vasitələr və psixotrop maddələr bəzi hallarda meyvə-tərəvəz və digər tez xarab olan məhsulların arasında gizlədilir, həmin məhsulların formasına uyğunlaşdırılır və ya birbaşa onların içərisinə yerləşdirilir. Bu məhsullar belə hallarda cinayətin gizlədilməsinə və narkotik vasitələrin ölkəyə keçirilməsinə xidmət edən vasitə kimi qiymətləndirilir.
Belə malların uzun müddət saxlanılması mümkün olmadığından onlar hərracda satıla bilər və satışdan əldə olunan vəsait cinayət prosesini həyata keçirən orqanın depozit hesabında saxlanılır. Ali Məhkəmə həmin vəsaitin iş üzrə yekun qərar qəbul edilənədək depozit hesabında qalmasının və sonradan onun taleyinin məhkəmə tərəfindən müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Ali Məhkəmənin izahına əsasən, tez xarab olan malların cinayətin törədilməsində vasitə kimi istifadə edildiyi müəyyənləşdirilərsə, həmin malların satılmasından əldə olunan pul vəsaiti xüsusi müsadirənin predmeti ola bilər.
Məhkəmə yekun qərar qəbul edərkən satışdan əldə olunan və depozit hesabında saxlanılan pulun dövlət nəfinə keçirilməsi və ya qanuni sahibinə qaytarılması barədə konkret qərar verməlidir. Əgər iş üzrə araşdırılmış sübutlar həmin malların cinayətin törədilməsində vasitə kimi istifadə edildiyini təsdiqləyirsə, pul dövlət nəfinə keçirilir. Bu zaman malların saxlanılması və satışının təşkili ilə bağlı xərclər çıxılır.
Əgər malın qanuni sahibinə qaytarılması üçün əsaslar müəyyən edilərsə, satışdan əldə olunan vəsait həmin şəxsə qaytarılmalıdır. Bu halda da saxlanma və satışla bağlı xərclər çıxılır.
Ali Məhkəmə xüsusilə qeyd edib ki, realizə edilmiş malın sahibinin şəxsiyyətinin hələ müəyyən olunmaması və onunla bağlı ayrıca cinayət işi üzrə ibtidai araşdırmanın davam etməsi depozit hesabındakı pulun taleyinin açıq saxlanılması üçün əsas deyil. Cinayətin törədilməsində vasitə kimi istifadə olunmuş malın xüsusi müsadirəsi üçün əsaslar varsa, məhkəmə bu məsələyə baxmalıdır.
İcmalda diqqət çəkən digər məqam ondan ibarətdir ki, xüsusi müsadirə tətbiq edilərkən yalnız narkotik vasitənin birbaşa gizlədildiyi məhsulların dəyərinə bərabər vəsait deyil, həmin məhsulların bütöv satışından əldə olunan pul nəzərə alınmalıdır.
Ali Məhkəmə bunu onunla əsaslandırıb ki, narkotik vasitə məhsulların yalnız bir hissəsində gizlədilsə belə, digər məhsullar da onun aşkar edilməsini çətinləşdirməyə və cinayətin həyata keçirilməsinə xidmət edə bilər. Buna görə həmin məhsulların digər hissəsi də cinayətin törədilməsində istifadə olunan vasitə hesab edilə bilər.
İcmalda həmçinin xatırladılıb ki, cinayət prosesində maddi sübut kimi tanınan əşyaların taleyi məhkəmənin yekun qərarı ilə həll edilməlidir. Məhkəmə maddi sübutların necə həll olunmalı olduğunu yekun qərarın nəticəvi hissəsində göstərməlidir.
Ali Məhkəmə bu yanaşmanın qaçaqmalçılıq işləri üzrə əvvəlki məhkəmə təcrübəsi ilə də uyğun olduğunu qeyd edib. Belə ki, narkotik və ya digər malların gizlədilməsi üçün xüsusi hazırlanmış gizli yerlərlə təchiz edilmiş nəqliyyat vasitələri də cinayətin törədilməsində istifadə olunan alət kimi qiymətləndirilərək xüsusi müsadirə edilə bilər.
Beləliklə, Ali Məhkəmənin izahına görə, narkotik vasitələrin gizlədilməsində istifadə edilmiş tez xarab olan məhsullar satıldıqdan sonra həmin məhsulların yerini tutan pul vəsaitinin hüquqi taleyi məhkəmənin yekun qərarında müəyyən edilməlidir. Cinayətdə vasitə kimi istifadə edilməsi sübuta yetirilərsə, vəsait dövlət nəfinə keçirilə, qanuni sahibinin hüququ müəyyən edilərsə isə ona qaytarıla bilər.
dəqiqələr içində saytın olsun.