Dövlət şirkətlərinin satınalmalarında yeni qayda: Hansı qurumlar ümumi tender sistemindən kənarda qalacaq?
Dövlət şirkətləri və dövlət payı olan bəzi hüquqi şəxslər büdcədənkənar vəsaitləri hesabına mal, iş və xidmət alarkən satınalma müqavilələrini elektron qaydada bağlamalı olacaqlar. Bu tələb dövlət müəssisələrinə, publik hüquqi şəxslərə və onların idarəetməsi ilə əlaqəli digər qurumlara da şamil edilir.
Operativ Media xəbər verir ki, “Dövlət satınalmaları haqqında” Qanunda dövlət büdcəsindən ayrılan vəsaitlər istisna olmaqla, digər maliyyə mənbələri hesabına aparılan satınalmaların tətbiq dairəsi və rəsmiləşdirilməsi ilə bağlı müddəalar nəzərdə tutulur.
Belə ki, müşahidə şurasının və ya direktorlar şurasının tərkibi müvafiq dövlət orqanı tərəfindən təsdiqlənən, yaxud həmin qurumla razılaşdırılan kommersiya hüquqi şəxsləri tərəfindən dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri hesabına olmayan satınalmalar müəyyən hallarda qanunun ümumi tətbiq dairəsindən kənarda qalır.
Buraya büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları və yardımları, eləcə də büdcədənkənar dövlət fondlarının vəsaitləri daxil deyil. Yəni bu mənbələr hesabına aparılan satınalmalar həmin istisnaya şamil olunmur.
Digər tərəfdən, müvafiq dövlət orqanı və onun idarəetməsinə verilən dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslər üçün də oxşar yanaşma müəyyən edilib. Bu qurumların qeyd olunan dövlət vəsaitləri istisna olmaqla, digər maliyyə mənbələri hesabına apardıqları satınalmalar qanunun ümumi tətbiq dairəsindən kənarda nəzərdə tutulur.
Həmçinin, həmin qurumların satınalmaları nəzarətsiz olmayacaq. Belə satınalmaların həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Bununla belə, qanunun şamil edildiyi satınalmalar üzrə müqavilələrin bağlanması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bu tələb, həmçinin yuxarıda qeyd olunan hüquqi şəxslərin mal, iş və xidmət satınalmaları üzrə müqavilələrinə də aiddir.
Elektron qaydada rəsmiləşdirmə tələbinin istisnaları da var. Məxfi məlumatlarla əlaqəli satınalmalar və həmin satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir. Bundan başqa, qalib təchizatçının qeyri-rezident olduğu hallar da elektron müqavilə qaydasına dair istisnalar sırasındadır.