Menyu

Elxan Məmmədov İnfantinonun yenidən seçilməsi ilə bağlı təzyiq göstərməkdə ittiham olunur

Operativ Media
Elxan Məmmədov İnfantinonun yenidən seçilməsi ilə bağlı təzyiq göstərməkdə ittiham olunur
1 dəq oxu

UEFA FİFA-nın Niderland Futbol Assosiasiyasına (KNVB) Canni İnfantinonun yenidən prezident seçilməsini dəstəkləmək üçün təzyiq göstərdiyi barədə iddialarla bağlı müstəqil araşdırma aparılmasını tələb edib.

Operativ Media xəbər verir ki, KNVB-nin baş katibi Gijs de Yonq Niderlandın NOS media qurumunun podkastında açıqlama verib. O bildirib ki, FİFA-nın üzv assosiasiyalar üzrə baş direktoru Elxan Məmmədov dünya çempionatından qısa müddət əvvəl bir gün ərzində ona üç dəfə zəng edib, daha sonra isə mesaj göndərib.

Gijs de Yonq iddia edilən təzyiqlə bağlı bunları deyib:

“Onlar 211 dəstək məktubundan ibarət siyahını tamamlaya bilməsi üçün bizim dəstək bəyanatı verməyimizi istəyirdilər.

Məncə, bu, qəbuledilməz həddi aşır. Bu, əməkdaşın siyasi prosesə müdaxiləsi deməkdir. Digər namizədlərin olub-olmayacağı belə bəlli olmadığı halda FİFA əməkdaşları bu cür addımlar atmamalıdırlar”.

Qeyd edək ki, bu iddialar avqust ayında İordaniya şahzadəsi Əli bin əl-Hüseynin də gələn il İnfantinonun yenidən seçilməsini dəstəkləmələri üçün milli futbol assosiasiyalarına göstərilən təzyiqi “şantaj” kimi qiymətləndirməsindən sonra gündəmə gəlib.

Məlumatlara görə, İordaniya Futbol Assosiasiyasına da imzalanması üçün əvvəlcədən hazırlanmış dəstək məktubu təqdim edilib.

UEFA bildirib ki, digər milli assosiasiyalar da oxşar narahatlıqlarını ifadə ediblər. Qurum məsələ ilə bağlı müstəqil araşdırma aparılmasını tələb edib.

UEFA-nın bəyanatında deyilir:

“Bu iddialarla bağlı səlahiyyətli qurumları hərtərəfli, qərəzsiz və müstəqil araşdırma aparmağa çağırırıq”.

FİFA isə iddialara cavab olaraq bildirib ki, üzv assosiasiyalarla mütəmadi əlaqə saxlayır, onların sorğularını cavablandırır və müraciətlərini müzakirə edir.

Qurum bəyan edib:

“FİFA-nın üzv assosiasiyalar üzrə bölməsi KNVB də daxil olmaqla, bütün assosiasiyalarla mütəmadi əlaqə saxlayır, onların sorğularını cavablandırır və müraciətlərini müzakirə edir. FİFA hər hansı əməkdaşının üzv assosiasiyalara qərar qəbul etmələri üçün təzyiq göstərməsi ilə bağlı istənilən iddianı qəti şəkildə rədd edir”.

Əlaqəli Xəbərlər