Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb
“Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunan I Beynəlxalq İnklüziv Məşğulluq Konfrans çərçivəsində "İnklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələr" adlı ikinci panel sessiya keçirilib.
Operativ Media xəbər verir ki, panel sessiyaya İctimai Birliyin təsisçisi Aytən Eynalova moderatorluq edib.
Sessiyada çıxış edən Fransanın VETA şirkətinin nümayəndəsi Jean-Francois Dufresne qeyd edib ki, əlilliyi olan insanlara hörmət etməyin yeganə yolu onlara fərqli münasibət göstərməkdən, hamıdan tamamilə müxtəlif insanlar kimi yanaşmaqdan əl çəkməkdir: "Onlarla hamı kimi davranmaq lazımdır. Onlar vaxtlarının yarısını işləməyə, digər yarısını isə valideynlərin və müəssisələrin onlara öyrətmədiyi bir bacarığı - müstəqil olmağı öyrənməyə sərf edirlər. Mən bunu özüm də yaşamışam. Söhbət autizmin üçüncü səviyyəsində olan, dəstəyə yüksək ehtiyac duyan insanlardan gedir. Belə insanlara müstəqillik qazandırmağı öyrətmək əvəzinə, çox vaxt onları həddindən artıq qoruyuruq. Halbuki həddindən artıq himayəçilik autizmli bir insana edə biləcəyiniz ən yanlış şeydir".
Türkiyənin "Eker" şirkətinin nümayəndəsi Alperen Aşanbuğa dünyada hər 31 uşaqdan birinə autizm diaqnozu qoyulduğunu xatırladıb. Onun sözlərinə görə, Türkiyədə isə təxminən 2,8 milyon autizmli insanın olduğu ehtimal edilir: "Təəssüf ki, bu sahədə dəqiq məlumatlar yoxdur. Lakin Türkiyə İş və Məşğulluq Agentliyinin rəqəmlərinə nəzər saldıqda görürük ki, əmək bazarında cəmi 109 autizmli şəxs çalışır. Yəni 2,8 milyon nəfərlə müqayisədə 109 nəfər olduqca aşağı göstəricidir. Biz də bu rəqəmləri dəyişdirmək üçün hərəkətə keçdik və hazırda 15 autizmli şəxsi işlə təmin etmişik. Bu həftə komandamıza autizmli bir insan resursları mütəxəssisi də qoşulub. O, kadrların şəxsi işlərinin aparılması, əməkhaqqı ilə bağlı sənədlərin yoxlanılması və sənədlərin izlənilməsi kimi işlərlə məşğul olur. İşə başlamasından hələ iki gün keçib, lakin artıq özünü kifayət qədər xoşbəxt hiss edir".
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunukasiya şöbəsinin müdürü Nigar İsmayılzadə qeyd edib ki,
peşə təhsili imkanlarının əlçatan olması hər bir şəxs üçün mühüm əhəmiyyət daşıyır: "Bu imkanın əlçatan olması üçün qanunda heç bir məhdudiyyət yoxdur, əksinə şərait yaradılıb. Qeyd etmək istərdim ki, peşə təhsilinə 28 mindən artıq şəxs cəlb olunub. Ümumi olaraq bu statistika 45 min nəfərdən çoxdur. İnklüzivliyin təmin olunması istiqamətində dinamika artan istiqamətdə inkişaf edir.
Qeyd etmək istərdim ki, əlilliyi olan 869, sağlamlıq imkanı məhdud olan 550, həmçinin şəhid ailələrinin üzvü olan 57 nəfər bu il peşə təhsilinə cəlb olunub".
"Gen İlaç" şirkətinin nümayəndəsi Deniz Karagülle bildirib ki, təmsil etdiyi şirkətdə 3 nəfər inklüziv gənc çalışır: "Onlar üzərlərinə düşən vəzifələri həm həvəslə, həm də məsuliyyətlə yerinə yetirərək tam müstəqil fəaliyyət göstərməyə başlayıblar. Düşünürəm ki, nəticə gözləniləndən də yaxşıdır. İşlər çox uğurla həyata keçirilir. Hazırda bu 3 əməkdaşımızın hər biri müstəqil şəkildə çalışır. Hesab edirəm ki, bu, qürurverici haldır. Hazırda onların iş yerində olmaları və tapşırıqlarını müstəqil şəkildə yerinə yetirmələri də özlüyündə mühüm nailiyyətdir. Digər əməkdaşlarımızın fəaliyyətinə nəzər saldıqda da onların iş mühitində və fəaliyyətlərində əhəmiyyətli fərqlər və müsbət dəyişikliklər görürük. Çünki onlar, həqiqətən də, çox həvəslə və əzmlə çalışırlar.
Təbii ki, vaxtaşırı təhlillər aparırıq. Əməkdaşlarımıza yeni tapşırıqlar veririk. Onlar bu tapşırıqları üzərlərinə götürür və həvəslə yerinə yetirirlər".