Menyu

Sifarişli sərnişindaşıma ilə məşğul olmaq istəyənlərə hansı tələblər qoyulur?

Operativ Media
Sifarişli sərnişindaşıma ilə məşğul olmaq istəyənlərə hansı tələblər qoyulur?
2 dəq oxu

Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazə almalı, sürücülər isə ən azı 21 yaşında olmalı və iki ildən artıq sürücülük təcrübəsinə malik olmalıdırlar.

Operativ Media xəbər verir ki, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları sərnişin daşınması müqaviləsi və ya sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında ödənişli şəkildə həyata keçirilir.

Bu daşımalar turizm və ekskursiya səfərlərini, kütləvi tədbirlərə və istirahət yerlərinə təşkil olunan səfərləri, eləcə də müntəzəm sərnişin daşımalarına aid olmayan digər daşımaları əhatə edir.

Bu sahədə fəaliyyət göstərmək istəyən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən müvafiq icazə almalıdırlar. Azərbaycanla xarici ölkələr arasında beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımaları üçün operatorlara buraxılış vəsiqəsi, ölkədaxili sifarişli daşımalar üçün isə ayrıca buraxılış vəsiqəsi tələb olunur.

Ölkədaxili sifarişli daşımalar üzrə icazə almaq istəyənlər şəxsiyyət və ya hüquqi qeydiyyat sənədlərini, vergi uçotu haqqında məlumatları, istifadə etdikləri nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini elektron qaydada təqdim etməlidirlər. Həmçinin sürücülərin narkotik sərxoşluq vəziyyətinin və narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə hallarının müəyyən edilməsi üzrə tibbi müayinəsinin nəticələri, avtomobillərin texniki vəziyyətinin reysqabağı yoxlanılması və sürücülərin tibbi müayinəsinin təşkili imkanını təsdiq edən sənədlər tələb olunur.

Sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər də təqdim edilməlidir. Qeyri-müntəzəm sərnişin daşımaları zamanı əlavə olaraq sərnişinlərin fərdi qəza sığortası, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, eləcə də sürücünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarından icbari sığortalanmasını təsdiq edən sənədlər tələb olunur.

Beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımaları üzrə buraxılış vəsiqəsi almaq istəyən operatorlar isə nəqliyyat vasitələrinin mülkiyyət, istifadə və ya icarə hüququ ilə onlara məxsus olmasını təsdiq edən sənədləri, sürücülər və məsul şəxslər barədə məlumatları, texniki xidmət və təmir imkanlarını təsdiq edən sənədləri təqdim etməlidirlər. Bundan başqa, maliyyə vəziyyətini təsdiq edən hesabat və ya bank arayışı, məsul şəxslərin və sürücülərin müvafiq hazırlıq keçməsini, həmçinin operatorun və sürücülərin taxoqraf kartlarının olmasını təsdiqləyən məlumatlar da tələb edilir.

Qanuna əsasən, qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən sürücülərin “B” və ya “BE” kateqoriyalı sürücülük vəsiqəsi olmalı, yaşı 21-dən az olmamalıdır. Onlar iki ildən artıq müddətdə mülkiyyətində, icarəsində və ya istifadəsində olan nəqliyyat vasitəsini idarə etməlidirlər.

Qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtomobillərin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Bu tələblərə cavab verməyən nəqliyyat vasitəsinə buraxılış kartı verilmir, verilmiş kartın isə hüquqi qüvvəsi dayandırıla və ya ləğv edilə bilər.

Qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirənlər müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə işləyə, həmin marşrutlar üzrə nəzərdə tutulan dayanacaqlarda sərnişin mindirib-düşürə bilməzlər.

Qeyd edək ki, tələb olunan sənəd və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumlarından əldə edilə bildikdə müraciət edən şəxsdən təkrar tələb olunmur.

Əlaqəli Xəbərlər