Sabahdan qazla işləyən kombi və suqızdırıcılara bağlı yeni təhlükəsizlik tələbləri qüvvəyə minir
Qazla işləyən kombi, suqızdırıcı və digər avadanlıqlar qaz sızması, partlayış, yanğın və dəm qazı təhlükəsinin qarşısını alan təhlükəsizlik sistemləri ilə təchiz edilməlidir. Tüstü bacasında nasazlıq və ya qapalı məkanda dəm qazının miqdarı normadan artıq olduqda müəyyən qurğular qazın verilməsini avtomatik dayandırmalıdır.
Operativ Media xəbər verir ki, qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyi ilə bağlı tələblər avadanlıqların konstruksiyasından və istismar xüsusiyyətlərindən tutmuş yanma prosesinə və elektrik mühafizəsinə qədər bir sıra məsələləri əhatə edir.
Tələblərə əsasən, qurğular xarici alov mənbəyindən yarana biləcək partlayış riskini istisna etməli, qaz və hava qarışığının alışması zamanı təhlükəsizliyi təmin etməlidir. Qaz xəttinin birləşmələri hermetik olmalı, qazın keçdiyi hissələrdə müəyyən edilmiş icazə verilən həddən artıq sızmaya yol verilməməlidir.
Qazla işləyən avadanlıqların alışdırılmasından əvvəl yanma kamerası və tüstü bacalarında qala biləcək yanmamış qaz hava vasitəsilə kənarlaşdırılmalıdır. Alovun alışması və yenidən alışdırılması zamanı təhlükəli qaz yığılmasının qarşısını almaq üçün işəsalma müddəti, alışma vaxtı, təkrar alışdırma cəhdlərinin sayı və alov söndükdə qazın verilməsinin dayandırılma müddəti məhdudlaşdırılmalıdır.
Qurğular alovun sabit yanmasını təmin etməli, yanma məhsullarında karbon oksidləri və azotun icazə verilən həddən artıq konsentrasiyasının yaranmasına yol verməməlidir. Odluğun bütün səthi üzrə bərabər alışma da təmin edilməlidir.
Qapalı məkanlarda istifadə olunan avadanlıqlarda yanmamış qazın toplanmasının qarşısını alan təhlükəsizlik sistemləri olmalıdır. Müəyyən hallarda, quraşdırma, texniki xidmət və təmir zamanı təlimatlarda göstərilən havalandırma tələblərinə əməl edildikdə belə avadanlıq olmadan istifadəyə də icazə verilir.
Tüstü bacasına qoşulan qurğular yanma məhsullarının təsadüfən otağa yayılmasının qarşısını almalıdır. Tüstü qazlarının kənarlaşdırılması sistemində nasazlıq yarandıqda qazın odluğa verilməsi dayandırılmalıdır. Tüstü bacası və sorucu sistemi olmayan müəyyən isidici və suqızdırıcı qurğularda isə havanın vəziyyəti izlənməli, otaqda dəm qazının konsentrasiyası icazə verilən həddi aşdıqda qazın verilməsi kəsilməlidir.
Qurğuların konstruksiyası yanğın təhlükəsi yaratmamalı, istifadə müddətində təhlükəsizliyə təsir edə biləcək deformasiyaların, zədələnmələrin və aşınmaların qarşısını almalıdır. Təzyiq altında işləyən hissələr mexaniki və temperatur təsirlərinə davamlı olmalı, istehsalda istifadə edilən materiallar isə istilik, mexaniki və kimyəvi təsirlərə tab gətirməlidir.
İstifadəçinin toxuna biləcəyi idarəetmə hissələrinin və avadanlığın xarici səthlərinin həddindən artıq qızması termik yanıqlara səbəb olmamalıdır. İsti su təchizatı üçün nəzərdə tutulan qurğularda da istifadəçinin isti sudan yanmasının qarşısını alan avadanlıq olmalıdır.
Elektriklə işləyən qurğular gərginlikdəki dalğalanmalar, elektrik enerjisinin kəsilməsi və sonradan bərpası zamanı təhlükəsizliyini qorumalıdır. Elektrik şəbəkəsinə qoşulan avadanlıqlar elektrik cərəyanı vurmasından mühafizəni təmin etməlidir.
Qurğunun idarəetmə sistemləri təhlükəsizlik avadanlıqlarının işinə mane olmamalı, tənzimləmə, idarəetmə və təhlükəsizlik sistemlərindən hər hansı biri sıradan çıxdıqda belə təhlükəsiz istismar təmin edilməlidir. İdarəetmə və bağlama hissələrində istifadəçinin yanlış hərəkətlərinin qarşısını almaq üçün işarələr və göstərişlər olmalıdır. İstehsalçı tərəfindən əvvəlcədən quraşdırılan və tənzimlənən, istifadəçinin müdaxiləsi nəzərdə tutulmayan təhlükəsizlik sistemləri isə qorunmalıdır.
Bundan başqa, avadanlığın istismar sənədlərində istifadə şərtləri, məhdudiyyətlər və təhlükəsizliyin təmin edilməsi üçün görülməli tədbirlər barədə xəbərdarlıqlar əks olunmalıdır.
Qeyd edək ki, yeni qaydalar noyabrın 6-dan qüvvəyə minəcək.