Zaur Həşimov: Maaşla bağlı sıxıntımız yoxdur
“Şəfa” bu gün Misli Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”ı qəbul edib.
Operativ Media xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçdan sonra Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib. Həşimov dinamik oyun alındığını bildirib:
“Azərbaycan xalqını sabahkı zəfər bayramı münasibətilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm.
Dinamik oyun alındı. Yenə çoxlu qol epizodlarına girdik. Fərdi səhvlərdən 2 qol buraxdıq. İnkişafımız göz qabağındadır. Hakimlik barədə danışmaq istəyirəm. Bugünki oyunda da hər şey göz qabağında idi. Bütün xırda detallarda rəqibə üstünlük verilirdi. Belə deyək, ögey münasibət istəmirəm. Çünki bizim uşaqlar da əziyyət çəkir, vuruşur. Son iki oyunda 4 xalımız əlimizdən alınıb.
Söz yox ki, bəsit qollar buraxdıq. Bunların üzərində işləyirik. Bəzi səbəblər var ki, açıq-aşkar demək olmur. Təhlillər aparırıq. Maaşla bağlı sıxıntımız yoxdur. Düzdür, gecikmələr var idi amma aradan qaldırılıb. Yeni komandayıq, başa düşüləndir.
Oxşar qollar buraxırıq. O qollar buraxılana qədər səhvlər olur, nəticədə də yekunda qapımızda top görürük. Büdcəmiz bəllidir, yeni transferlərlə bağlı nəsə yoxdur. Əlimizdə olan oyunçular üzərində işləyib, problemlərimizi aradan qaldırmalıyıq”.