Menyu

Dövlət bağçalarında çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılmasına başlanılır

Operativ Media
Dövlət bağçalarında çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılmasına başlanılır
2 dəq oxu

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Operativ Media xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, 5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək.

Təhsilverənlərin peşə yararlılığının göstəriciləri məzmun və metodika, təhlükəsizli, pedaqoji etika və əməkdaşlıq və özünüinkişaf sahələri üzrə qruplaşdırılmışdır. İştirakçılara qeyd edilən istiqamətlər nəzərə alınmaqla məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək. Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir və bu mərhələyə 120 dəqiqə vaxt ayrılır. Hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir, eyni zamanda səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikatlaşdırma prosesinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş iştirak şərtləri və sertifikatlaşdırmadan keçməyən şəxslərə dair istisnalar nəzərə alınır. Belə ki, müvafiq qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, habelə uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil edilir və 14 şəhər üzrə 21 mərkəzdə 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir. Sertifikatlaşdırma prosesinin vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması isə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test imtahanı mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.

Əlaqəli Xəbərlər