Nazir müavini: Azərbaycanda qeyri-neft ixracı 20 faizdən çox artıb
Azərbaycanda qeyri-neft ixracı 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, cari ilin 10 ayında qeyri-neft sektoru üzrə artım 2,9 faiz təşkil edib və ümumi daxili məhsulun artımı məhz qeyri-neft sektorunun hesabına təmin olunub.
Nazir müavini qeyd edib ki, hesabat dövründə qeyri-neft-qaz sənayesi 5,9 faiz, nəqliyyat sektoru 10,2 faiz, informasiya və rabitə sahəsi isə 9,9 faiz artıb.
A.Bayramovun sözlərinə görə, Dövlət Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft ixracı 20 faizdən çox artaraq 3,6 milyard ABŞ dollarına çatıb. İxracın 60 faizini sənaye məhsulları təşkil edib.
O, 2027-ci ildə iqtisadi artımın 2,7 faiz, 2027–2030-cu illərdə isə orta hesabla 3,3 faiz olacağının proqnozlaşdırıldığını bildirib. Həmin dövrdə qeyri-neft sektorunun orta illik artımının 4,4 faiz təşkil edəcəyi gözlənilir.
Nazir müavini qeyd edib ki, ortamüddətli dövrdə qeyri-neft sənayesində 7 faiz, informasiya və rabitə sektorunda 11 faiz, turizmdə 8 faizdən çox, nəqliyyat sektorunda isə 5 faizdən yuxarı artım proqnozlaşdırılır.
A.Bayramov sahibkarlara dövlət dəstəyi mexanizmlərinin genişləndirildiyini də diqqətə çatdırıb. Bildirib ki, ixracatçıların daşınma və gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi kompensasiya olunur, investisiya təşviqi mexanizmi isə aqroparklar və müasir istixanalar kimi sahələri də əhatə edir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə özəl sektorun inkişafı və yeni iş yerlərinin yaradılması Böyük Qayıdışın dayanıqlılığı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ərazilərdə kənd təsərrüfatı və akvakultura ilə yanaşı, təhsil, sosial xidmətlər və İKT layihələri üzrə sahibkarlıq fəaliyyətinə də dəstək göstərilir.
Nazir müavini çıxışında aqrar sektora, təhsilə, elmə və qadın sahibkarlığının inkişafına yönələn tədbirlərə də toxunub. Bildirib ki, 2026–2027-ci tədris ili üçün bakalavriat, magistratura, tibbi təhsil və rezidentura üzrə ümumilikdə 38 mindən çox dövlət sifarişi yeri müəyyən edilib.
A.Bayramovun sözlərinə görə, ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən, təsisçisi qadın olan kommersiya hüquqi şəxslərin sayı 34 mindən, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 mindən çoxdur.
O qeyd edib ki, cari ilin 10 ayında 500-ə yaxın qadın sahibkara investisiya layihələrinin maliyyələşdirilməsi üçün 22 milyon manatdan çox güzəştli kredit verilib. Vəsaitlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, akvakultura, turizm və xidmət sahələrindəki layihələrə yönəldilib.
Nazir müavini əlavə edib ki, 2025-ci ilin aprelindən indiyədək rəqəmsal bacarıqların inkişafı üzrə proqramlar çərçivəsində qadınlar tərəfindən 70 mindən çox təlim tamamlanıb. Maşın öyrənməsi və data analitikası üzrə davam edən təlimlərdə qadınların payı 42 faizdən 59 faizə yüksəlib.