Hesablama Palatası büdcədə blok xərclərin azaldılmasını təklif edib
2027-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı, təhsil və elm sahələri üzrə 1,3 milyard manatdan çox vəsait blok xərclər kimi nəzərdə tutulub.
Operativ Media xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, kənd təsərrüfatı bölməsi üzrə gələn ilin xərclərinin 315,8 milyon manatı bölüşdürülməmiş, yəni blok xərclərdir. Bu məbləğ həmin bölmə üzrə ümumi xərclərin 22,19 faizini təşkil edir və 2026-cı ilin gözlənilən icrası ilə müqayisədə 157 milyon manat çoxdur.
N.Sadıqovun sözlərinə görə, təhsil bölməsi üzrə 945,7 milyon manat blok xərclər nəzərdə tutulub. Bu, bölmə üzrə ümumi xərclərin 18,5 faizidir. Göstərici 2026-cı ilin gözlənilən icrası ilə müqayisədə 292 milyon manat artıb.
Elm üzrə köməkçi bölmədə isə 53,2 milyon manat bölüşdürülməmiş xərc proqnozlaşdırılıb. Bu məbləğ ümumi xərclərin 20,6 faizini təşkil edir və ötən ilin gözlənilən icrası ilə müqayisədə 36 milyon manat çoxdur.
Palata sədrinin müavini qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi xərclərindəki artımın əsas hissəsi də bölüşdürülməmiş, yəni blok xərclərin hesabına formalaşır.
O, blok xərclərin payının mümkün istiqamətlərdə azaldılması, dövlət sifarişləri mexanizminin təkmilləşdirilməsi və dövlət sifarişlərinin formalaşdırılması prosesinin elektronlaşdırılmasını təklif edib.