Menyu

Deputat: Milli Dirçəlişdən Zəfərə uzanan yol xalqımızın iradəsinin təntənəsidir

Ayşən Sadıxzadə
Deputat: Milli Dirçəlişdən Zəfərə uzanan yol xalqımızın iradəsinin təntənəsidir
1 dəq oxu

Bu gün Azərbaycan müasir tarixinin ən önəmli günlərindən biridir. 1988-ci ildə erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatlara başlaması xalqımızda böyük etiraz doğurdu.

Bu sözləri Operativ Media-ya deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, insanlar bir nəfər kimi meydanlara axışaraq torpaqlarımızın Ermənistana güzəştə gedilməsinə heç vaxt razı olmayacaqlarını nümayiş etdirdilər:

“Bu baxımdan, 17 sentyabr 1988-ci ildə kütlənin o vaxtkı Lenin, indiki Azadlıq meydanına toplaşması mühüm hadisələrdən biri oldu. Uzun müddət davam edən proseslərdə Azərbaycan xalqı öz iradəsini və qətiyyətini ortaya qoydu, torpaqlarından heç bir zaman güzəştə getməyəcəyini bəyan etdi. O vaxta qədər edilmiş güzəştlər isə Azərbaycan xalqı tərəfindən tarixi ədalətsizlik və cinayət kimi qiymətləndirildi.

Həmin dövrdə sovet rəhbərliyinin xalqla danışmaq, onun mövqeyini dinləmək istəyi və bacarığı yox idi. Nəticədə, insanlar zor gücünə meydanlardan dağıdıldılar. Buna baxmayaraq, 17 sentyabr hadisələri xalqımızın tarixində əhəmiyyətli bir hadisə kimi qaldı.

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra həmin gün Milli Dirçəliş Günü elan edildi və hər il əlamətdar gün kimi qeyd olunur.

Həmin günün əks-sədası və gücü sonradan 44 günlük Vətən müharibəsində, xüsusilə də Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlarda özünü göstərdi. O günün çağırışlarına verilən ən gözəl cavab isə bu gün işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılması, insanların doğma torpaqlarına qayıtması və Azərbaycanın öz gücünü, quruculuq bacarığını nümayiş etdirməsidir.

Nə qədər ki, Azərbaycan xalqı var, tariximizin hər bir şərəfli səhifəsi daim eyni sevgi və ehtiramla xatırlanacaq”.

Əlaqəli Xəbərlər