Menyu

Azərbaycanda 3 yaşadək uşaqlara qulluğa görə müavinət 100 manata qaldırılır

Operativ Media
Azərbaycanda 3 yaşadək uşaqlara qulluğa görə müavinət 100 manata qaldırılır
1 dəq oxu

Azərbaycanda üç yaşadək uşaqlara qulluğa görə ödənilən müavinət 100 manata çatdırılacaq.

Operativ Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə təklif olunan dəyişiklik "Sosial sığorta haqqında" qanunda 3 yaşınadək uşağa qulluğa görə müavinət təyin edilməsi üçün ən azı 6 aylıq sığorta stajı olması tələbinin müəyyən edilməsi ilə əlaqədar digər qanunlarda uyğunlaşma xarakterli dəyişiklik edilməsini şərtləndirir.

Layihənin bu istiqaməti ailələrin, ilk növbədə isə kiçik yaşlı uşağı olan valideynlərin sosial müdafiəsinə xidmət edir. Bu günədək qanunvericilikdə istifadə olunan “qismən ödənişli sosial məzuniyyət” anlayışı əvəzinə “uşağa qulluğa görə sosial məzuniyyət” anlayışı tətbiq olunacaq. Bu, sadəcə ad dəyişikliyi deyil. “Qismən ödənişli” ifadəsi məzuniyyətin məqsədini deyil, ödənişin az olmasını önə çəkirdi. Yeni ad isə bu məzuniyyətin məqsədini — uşağın qayğısına qalmaq hüququnu ifadə edir.

Mahiyyət etibarı ilə ən mühüm dəyişiklik bundan ibarətdir ki, həm hamiləliyə və doğuma görə müavinət, həm də 3 yaşınadək uşağa qulluğa görə müavinət bundan sonra “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sosial sığorta müavinəti kimi təyin edilir və ödənilir.

Beləliklə, bu ödəniş sığortaolunanın ödədiyi sosial sığorta haqları ilə birbaşa əlaqələndirilir və vahid sosial sığorta sisteminə daxil olur.

Eyni yanaşma hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının, diplomatik xidmətdə çalışanların statusunu tənzimləyən aktlarda, həmçinin təhsil və səhiyyə qanunvericiliyində də tətbiq olunur. Nəticədə hansı sahədə çalışmasından asılı olmayaraq, valideyn üçün eyni anlayış və eyni təminatlar tətbiq ediləcək.

Qeyd edək ki, uşağa qulluğa görə müavinətin məbləği hazırda uşağın bir yaş yarımınadək dövr üçün 44 manat, bir yaş yarımından üç yaşınadək dövr üçün isə 28 manat təşkil edir və bu məbləğlər sonuncu dəfə 2018-ci ildə artırılıb.

Əlaqəli Xəbərlər