Millət vəkili: Prezidentin Vyetnam səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək
Prezident İlham Əliyevin Vyetnama səfəri ikitərəfli münasibətlərin dərinləşdirilməsi və Azərbaycanın şaxələndirilmiş xarici siyasət kursunun bir daha təsdiqlənməsi baxımından əhəmiyyətlidir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan və Vyetnam arasında münasibətlər tarixi köklərə malikdir. O, 1959-cu ildə Vyetnamın o zamankı prezidenti və milli lideri Ho Şi Minin Bakıya səfərini, 1983-cü ildə isə Heydər Əliyevin rəhbərliyi altında Vyetnama həyata keçirilən səfəri xatırladıb.
Tural Gəncəliyev qeyd edib ki, coğrafi baxımdan uzaq olmasına baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan-Vyetnam ticarət dövriyyəsi 150 milyon dollar təşkil edib.
Deputat iki ölkənin müstəqil və suveren siyasət yürütməsi, eləcə də mühüm nəqliyyat-kommunikasiya marşrutları üzərində yerləşməsi baxımından oxşar cəhətlərə malik olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Şərq-Qərb Orta Dəhlizi və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşdiyi halda, Vyetnam Malakka boğazı ilə Cənub-Şərqi Çin dənizini birləşdirən strateji coğrafiyada mövqeyə malikdir.
Tural Gəncəliyev Cənub-Şərqi Çin dənizinin iqtisadi və enerji potensialına da diqqət çəkib. Bildirib ki, beynəlxalq statistikaya əsasən, həmin dənizin ticarət dövriyyəsi 3,4 trilyon dollar, neft ehtiyatları 11 milyard barrel, qaz ehtiyatları isə 5,3 trilyon kubmetrdir.
Deputatın fikrincə, Azərbaycan və Vyetnamın əməkdaşlığı hər iki ölkənin yerləşdikləri regionlarda müstəqil siyasət yürütməsinə və güclü dövlətlərin təsirini neytrallaşdırmasına töhfə verə bilər. O, Vyetnamın Çinlə münasibətlərində suveren mövqeyini qorumağa çalışan siyasət yürütdüyünü qeyd edib.
Tural Gəncəliyev iki ölkə arasında mədəni və humanitar əlaqələrin də əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, sovet dövründə Azərbaycanda təxminən 5 min vyetnamlı tələbə təhsil alıb, neft və qaz sənayesi də daxil olmaqla müxtəlif sahələrdə mütəxəssis hazırlığı ikitərəfli əlaqələrin inkişafına töhfə verib.
Deputat Prezident İlham Əliyevin Vyetnama səfərini uğurlu və tarixi siyasi addım kimi qiymətləndirərək, səfərin xalqlar arasında münasibətlərin və əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.