İlham Əliyev və Paşinyanın sabahkı görüşündən gözləntilər nələrdir?
"Prezident İlham Əliyev ilə Nikol Paşinyanın sabahkı görüşündə bir sıra məsələlərlə bağlı real addımlar atılmalıdır. Əsas odur ki, hər bir görüşdə ciddi irəliləyiş əldə edilir".
Bunu "Operativ Media" ya açıqlamasında Millət Vəkili Arzu Nağıyev deyib.
Arzu Nağıyev görüşün vaxtının dəyişdirilməsinin real səbəbləri olduğunu bildirib:
"Növbəti görüş iyulun 21-də nəzərdə tutulmuşdu. Cənab Prezidentin ilin 6 ayının yekunlarına dair müşavirəsindən sonra Ermənistan düşünməyə vadar olub. Dövlət başçısının da qeyd etdiyi kimi, baxmayaraq ki, onlar pərdə arxasında bir sıra məsələləri razılaşdıqlarını bildirsələr də, sülh danışıqlarında da real olaraq bunu göstərməlidirlər. Danışıqlarda əsas məqam indiyə qədər olan təklifləri möhkəmləndirmək, bunları növbəti mərhələlərlə imzalarla təsdiq etməkdir. Düşünmürəm ki, sabah sülh müqaviləsi imzalana bilər, ancaq bu, sülh müqaviləsinə gedən ən ciddi addımdır".
Millət vəkili ötən gün Ermənistan mediasında sülh danışıqlarının müddəaları ilə bağlı yaydığı xəbərlərə də münasibət bildirib:
"Ermənistan tərəfi əvvəllər danışıqlar öncəsi təxribata əl atır, atəşkəsi pozurdular. İndi isə gedişatı dəyişiblər. Siyasi yollarla özlərinə dividentlər qazanmağa çalışırlar, Ermənistan mediasından isə manipulyasiya vasitəsi kimi istifadə edirlər. Lakin, artıq Ermənistan tərəfi başa düşməlidir ki, Azərbaycana heç bir beynəlxalq təşkilat siyasi təzyiq göstərə bilməz".
