Priqojinin ölümü Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək?
“Yevgeni Priqojinlə birlikdə Moskvaya yürüş edən heç kim sağ qalmayacaq”.
Bunu “Operativ Media”ya açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan bildirib. Onun sözlərinə görə, Rusiyada ölüm dalğası bundan sonra da davam edəcək.
“Yevgeni Priqojini Rusiya xüsusi xidmət orqanları yaratmışdı. Düşünürəm ki, elə onlar da onun göbəyini kəsdilər. Onun ölümü Rusiya xüsusi xidmət orqanlarının və yaxud hərbi qurumlarının əməlinə daha çox oxşayır. Çünki Priqojin müharibə dövründə bütün kartlarını açdı. Rusiya müdafiə naziri Sergey Şoyqu və baş qərargha rəisi Gerasimovun istefasını tələb edirdi. Onun silahlı yürüşü ram edildikdən sonra həbs olunacağı gözlənilirdi. Lakin Putin isə Priqojinin və onun dəstəsinin hökmünü vermişdi. Putin bildirdi ki, bu dəstə xəyanətkardı və cəzalanmalıdır”.
Sədrəddin Sultanın fikrincə, Priqojin və ən yaxın adamlarının öldürülməsi hələ başlanğıcdır. “Vaqner” çilərin taleyi isə yaxın zamanda bilinəcək.
“Onların təyyarədə vurulmasında məqsəd hamısını bir yerdə məhvi idi. Rəhbər heyəti Afrikaya ezam etmişdilər. Guya nəzərdə tutulmuş tapşırıqları yerinə yetirirdilər. Bununla da “Vaqner”i Rusiya rəhbərliyi tarixə göndərdi və dəfn etdi. Bundan sonra “Vaqner”çilər ya müqavilə imzalayıb rəsmi ordunun tərkibində vuruşacaq. Bəziləri isə avtomobil qəzasında öləcək, bəzisi döyüşdə öləcək. Bütün hallarda Moskvaya yürüş edən heç kim sağ qalmayacaq. Putinə qarşı çıxanların hamısının aqibəri Yevgeni Priqojin kimi olacaq”.
Ekspertlər həmçinin “Vaqner” xofunun bundan sonra da olacağını bildirirlər. Ukrayna cəbhəsində “Vaqner"in fəaliyyəti onu göstərdi ki, silahlı birləşmə peşəkar ordu və müasir silah sistemlərinə qarşı uğursuz oldu. Elə buna görə də, müharibənin gedişatı yalnız qərbin Ukraynaya dəstəyindən asılıdır. Lakin bütün bunlara baxmayaraq Rusiya müharibə cinayətlərini bu təşkilatın üzərinə atmaq üçün də böyük bir şans əldə etdi.