http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Müharibənin bir addımlığında - TƏHLİL

08 Sentyabr 2023 , 17:30
Müharibənin bir addımlığında - TƏHLİL

Ermənistan Azərbaycan arasında müharibə ehtimalı hər keçən gün artır. Tərəflər hər nə qədər də sərhədə qoşun yığmadığını iddia etsə də, dünyanın ən say-seçmə media qurumları belə video görüntüləri yayımlayır, müharibə ehtimalı üzərində baş sındırır.

Tanınmış bir neçə araşdırma şirkəti sentyabr-oktyabr aylarında Azərbaycan-Ermənistan arasında hərbi qarşıdurmanın olacağını proqnozlaşdırırdı. Danışıqların dalana dirənməsi, tərəflərin bir-birini ittiham etməsi, Qarabağda "hümanitar böhran" şousu onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirdi. Bu məsələdə Fransa xüsusi canfəşanlıq etmiş oldu. Siyasi gərginlik artdıqca eskalasiya da paralel olaraq artmağa başladı. Hazırda region partlamağa hazır bomba vəziyyətinə gəlib çıxıb.

Ermənistan tərəfi xüsusilə Hindistandan aldığı silahlardan sonra gərginliyi artırmağa çox maraqlı görünürdü. Gözlənilənin əksinə Ermənistan tərəfi uzun illərə yox, qısa zamanda orduda reform edə bildi və təhlükəli olacağının siqnallarını verirdi.

Tez-tez atəşkəsin pozulması, Ermənistanın sərhədin Kəlbəcər, Naxçıvan, Laçın və Zəngilan istiqamətinə əlavə qüvvə və artileriya cəmləməsi Azərbaycan tərəfinin də hərəkətə keçməsinə səbəb oldu.

Rəsmi Bakı artıq bilir ki, Ermənistandan istədiyini masada ala bilməyəcək. Ona görə də, məsələni sahədə bitirib, masada nöqtə qoymağa çalışacaq.

Maraqlı məqam ondan ibarətdir ki, eskalasiya artandan və Azərbaycan tərəfinin ciddi olduğunu anlayandan sonra Ermənistan xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, sülh danışıqlarına hazır olduqlarını bəyan edib. Ermənistan bu cür manevrləri çox edib, hesab edirəm ki, son ana qədər də davam edəcək.

Fransa da vəziyyətin ciddiliyinin fərqindədir. Bir neçə gün əvvəl Azərbaycana təzyiq, təhdid dili ilə danışan Paris, artıq Ermənistandakı vətəndaşlarına Sunik (Zəngəzur) və Vardanes istiqamətinə getməməyi məsləhət görüb.

Eskalasiya həm Qarabağ, həm də şərti sərhəd istiqamətindədir. Ona görə də, iki ölkə arasında müharibə ehtimalının olmasından söhbət açılır.

Azərbaycan üçün əsas vacib istiqamət təbii ki, Qarabağ və oradakı erməni silahlı birləşmələridir. Məsələ burasındadır ki, Ermənistan da sakit davranmır və xüsusilə sərhəd istiqamətində təxribatlar törədir. Bu o deməkdir ki, növbəti təxribatlar mövqe döyüşləri olmaqdan çıxacaq.

Qüvvələr nisbəti:

Azərbaycanla Ermənistanın insan resursu arasında uçurum var. Bu orduların sayında da öz əksini tapır. Ermənistan tərəfinin Azərbaycan 15 min Naxçıvan istiqamətinə, 70 min isə digər istiqamətə qoşun cəmləşdirir deməsi qeyri-adi sayılmamalıdır. Ermənistan mətbuatı bunu elə tirajlayır ki, sanki çox önəmli kəşfiyyat məlumatı əldə edib. Məsələ ondadır ki, orduların sayı internet resurslarında var və bu sirr sayıla bilməz. Bundan əlavə silah və sursat baxımından da Azərbaycan ordusu ilə Ermənistan ordusunu müqayisə etmək olmaz. Azərbaycan ordusu həm müharibədə itirdiklərinin yerini daha keyfiyyətli silahlarla doldurdu, bundan əlavə müharibədə Ermənistan ordusundan əldə etdiyi qənimətlər də öz yerində. Dronlar məsələsində Ermənistan balansı qorumağa çalışdı. Belə ki, "Bayraktar TB2"yə cavab olaraq Hindistan istehsalı olan "TAPAS-BH-201" dronunu əldə edib. Ancaq o dronları istifadə edəcək kadrlar nə zaman yetişdirilib bu barədə nəsə demək çətindir. Ehtimal olunur ki, o dronları ya Hindistandan gətirilmiş mütəxəssislər istifadə edəcəklər, ya da uzun zaman öncə artıq kadr hazırlanması barədə anlaşma baş verib.

Əgər hərbi əməliyyatlar baş verəcəksə, Azərbaycan üçün əsas istiqamət Ağdərə-Kəlbəcər yolu ola bilər. Çünki o yolun hələ də Azərbaycanın nəzarətində olmaması komunikasiya baxımından ciddi problemlər yardır. Qış aylarında Ömər aşımı demək olar ki, keçilməz olur. Bundan əlavə Kəlbəcərə tunelin çəkilməsi də ciddi xərc tələb edir. Ona görə də, Ağdərə-Kəlbəcər yolu çox önəmlidir. Bundan əlavə Zod istiqaməti də Azərbaycan sərhədinə ciddi təhlükə yaradır. Qarşı tərəf müharibədən sonra ən çox məhz Zod istiqamətindən təxribatlar törədib. Digər istiqamət isə Xəlfəli yoludur.

Bundan əlavə erməni tərəfi iddia edir ki, Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açmağı hədəfləyir. Konkret desək, Naxçıvanla quru yol əldə etmək niyyətindədir.

Təbii ki, bunlar hamısı iddialar və fərziyyələrdir. Müharibələr xəritələr üzərində planlaşdırılır, ancaq sahədə həyata keçirilir. Sahədə nəyin, necə baş tutacağını isə hər zaman düzgün proqnozlaşdırmaq olmur.

Səxavət Məmməd

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

XƏBƏR LENTİ
  • 21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • 21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
  • 20:59

    Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi
  • 20:43

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB
  • 20:10

    İsrail ordusu Livanın paytaxtı Beyruta aviazərbələr endirib - VİDEO
  • 19:50

    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
  • 19:33

    Bakının üç rayonunda qaz kəsiləcək
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
Menyu