Hindistan və Qazaxıstan gələn həftə birgə hərbi təlimlər keçirəcək
Hindistan və Qazaxıstan hərbçiləri bazar ertəsi Qazaxıstanın cənub-şərqində ilk dəfə olaraq hava qüvvələrinin iştirakı ilə birgə təlimlərə başlayacaqlar.
"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Hindistan quru və hava qüvvələrinin 120 nəfərdən ibarət kontingenti bu gün "Kazind-2023" adlı yeddinci birgə hərbi təlimdə iştirak etmək üçün Qazaxıstana gedib. Təlimlər oktyabrın 30-dan noyabrın 11-dək Otarda keçiriləcək", - departamentin mətbuat xidmətindən bildirilib.
Təlimlər zamanı iki ölkənin hərbçiləri "BMT mandatı altında qeyri-standart şəraitdə antiterror əməliyyatları" həyata keçirəcəklər. Xüsusilə pilotsuz vasitələr istifadə etməklə hücumların dəf edilməsinə, şəhər və kənd yerlərində taktiki əməliyyatlara xüsusi diqqət yetiriləcək.
"Hər iki tərəf geniş spektrli döyüş tapşırıqları üzrə fəaliyyət göstərmək və təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcək. Təlimlər iki ordu arasında əlaqələri daha da gücləndirəcək", - Hindistan Müdafiə Nazirliyi əlavə edib.