
Bayram günləri üçün artıq bir çox insan məkan axtarışındadır. Elə turizm şirkətləri də bayram günlərinə özəl turpaketlər hazırlayıb. Təklif çox olduğundan seçim də çətinləşir.
“Operativ Media”ya açıqlama verən turizm üzrə ekspert Elgün Babayev deyir ki, istər daxili turlara, istərsə də xarici turlara tələbat artıb. Daxili turlara adətən gün ərzində 3 dəfə qidalanma, xarici ölkələr üçün turpaketlərdə isə səhər yeməyi, aviabilet, qarşılama, yola salma və tibbi sığorta daxildir.
“Paketlərin qiymətləri müxtəlifdir. Bölgələrdə 1 nəfər üçün 3 dəfə qidalanma 2 gecə qalmaqla 600-800 manat civarında dəyişir. Xaricə çıxmaqla yaxın qonşu ölkələrdən nəzər salsaq, ən minimal qiymət Gürcüstan üçündür. Burada 3 gecə- 4 gün 450-500 dollara hər şey daxil etmək olar. Həmçinin Avropa paketləri var ki, hər şey daxil olmaqla 3 müxtəlif ölkə 3 şəhəri gəzmək turistlərimizə 950, 1000 dollara başa gəlir”.
Elgün Babayevin sözlərinə görə, yeni illə bağlı bilet satışları sentyabr ayından başlayıb.
“Bugünkü günün qiymətləri sentyabr-oktyabr aylarında əlbəttə ki, 10-15 faiz daha ucuz idi. Dekabr ayında qiymətlər daha da bahalaşacaq. Dekabrın 10-dan 15-dən sonra yerlər artıq olmaya da bilər. Bu təbii ki, yerli hotelə və xarici hotellərə də aiddir. Ən çox qıtlıq yaşanan isə aviabiletlərdədir. Bəzi hotellərdə yerlər olur, amma aviabiletdə yerlər olmur. Müştərilərə tranzit uçuş təklif edilir. Normalda 1 nəfər üçün 1000 dollar olan bilet tranzit olduğu halda 1700-2000 dollara başa gəlir. Yerli turistlər bayramda ölkədaxili istirahət üçün daha çox dağlıq yerləri, xaricə səyahət üçün isə isti ölkələri seçirlər. Həm sərfəli, həm də ən çox üz tutulan ölkələr isə Misir, Qətər və Birləşmiş Ərəb Əmirlikləridir”.