Paytaxt yollarında sıxlığın qarşısını vaxtında almaq məqsədilə Nəqliyyatı İntellektual İdaretəmə Mərkəzi 3D ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlayıb. Tətbiqin bir sıra üstünlüyünün olacağı bildirilir. Bəs bu tətbiqin digər naviqasiya proqramlarından nə fərqləri olacaq?
“Operativ Media”nın suallarını cavablandıran Nəqliyyatı İntellektual İdaretəmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov deyir ki, naviqasiya əsaslı mobil tətbiqi hazırlamaqda məqsəd günün istənilən saatında sürücülərin yollardakı vəziyyəti asanlıqla öyrənməsi üçündür.
''NİİM-in xüsusi texnikalarla təchiz edilən avtomobilləri demək olar ki, paytaxtın bütün küçə və prospektlərində çəkilişlər aparır. Biz sürücülərin məlumatlı olması üçün 3D xəritə və onun mobil tətbiqini hazırlayırıq. Bizim bu xüsusi texnika ilə təchiz edilən avtomobillər 6 min km-dan çox ərazisində çəkilişlər aparıb. Xəritədə bütün yolların, zolaqların, yol nişanları və işıqforların, körpü və tunellərin, ünvan məlumatlarının əks olunması, həmçinin onların asanlıqla yenilənmə imkanının yaradılması nəzərdə tutulub”
Ömər Xıdırovun sözlərinə görə, sürücülər də yaradılacaq tətbiq vasitəsi ilə aidiyyəti quruma kömək də edə biləcəklər. Gələcəkdə vətəndaşların tətbiqdən istifadə etməklə videomüşahidə kameraları vasitəsilə yollardakı vəziyyətə real vaxt rejimində baxış keçirə bilməsi də mümkün olacaq.
''Sürücülər yolda gördükləri qəza və digər hallarla bağlı da o tətbiqin vasitəsilə bizim sistemə məlumat ötürə biləcəklər. Bizim əməkdaşlar da yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə işlər görəcəklər. Ümumilikdə mobil tətbiqin gələn il ərzində istismara verilməsi nəzərdə tutulur”.






