Xəbər verdiyimiz kimi, Özbəkistanda yol hərəkəti ilə bağlı qaydalar sərtləşdirilir. Dəyişikliyə görə, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər cinayət məsuliyyətinə cəlb ediləcək.
Azərbaycanda isə sərxoş halda avrtomobil idarə edən şəxs aşkar edildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla, 300 manatdan 700 manatadək miqdarda cərimə tətbiq edilir. Bəs digər ölkələrdə sərxoş halda avtomobil idarə edən sürücüləri hansı cəza gözləyir?
"Operativ Media"nın araşdırmasına əsasən inkişaf etmiş ölkələrdə qanda spirtin promiliyasına əsasən cəzalar tətbiq edilir. Azərbaycan qanunvericiliyinə əsasən qanda spirtin miqdarı 0,3 promili, nəfəsdə 0.16 promili keçməməlidir.
Almaniyada isə bu hədd 0,5 promildir. Qanunu pozanlar 500 avro cərimə edilir.
İngiltərədə isə cəzalar daha sərtdir. İlk dəfə qayda pozanlar 2987 avro cərimə edilir, 3 aylıq həbs və ya sürücülük hüququndan məhrum etmə ilə cəzalandırılır.
Qardaş Türkiyədə spirtli içki qəbul edən sürücü 6 aylıq bu hüquqdan məhrum edilir və 141 avro cərimə edilir.
Balkan ölkələrində isə cəza qanda spirtin promilinə görə dəyişir.
Promilasiya 0,5-0,10 arası olduqda 140-275 avro, 0,10-0,15 olduqda 275-700 avro, 0,15 dən yuxarı olduqda isə 700-2070 avro arasında cərimələnir.
Hollandiyada isə cəzalar tam fərqlidir. Sürücü içkili avtomobil idarə edirsə, cərimədən əlavə məcburi təlimlərə cəlb olunur. Təlimlərdə və psixoloji reabitaliyasiyada iştirak etməyənlərin sürücülük hüququ bərpa edilmir.






