Elektrik mühərrikli avtobusların gətirilməsi gedişhaqqına təsir edəcəkmi?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan və icrasına başlanılan Bakı şəhərinin mobillik proqramı çərçivəsində paytaxta sınaq məqsədilə daha bir istehsalçının istismarda olmuş elektrik mühərrikli avtobusu gətirilib.
Yaxın günlərdə isə ölkəmizə digər şirkət tərəfindən istehsal edilən daha bir elektrik mühərrikli avtobusların gətirilməsi planlaşdırılır. Avtobuslar sınaq müddətində yoxlanılaraq qiymətləndiriləcək. Nəticələrə uyğun olaraq, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqinə baxılacaq.
Bundan əvvəl isə sentyabr ayından Bakıda marşrut xəttinə Çinin “BYD” şirkətindən alınan ilk elektrik mühərrikli avtobus buraxılmışdı. Avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir.
Bəs ekoloji təmiz və ekonom olan bu avtobuslar gedişhaqqı qiymətlərinə təsir edəcəkmi?
“Operativ Media”ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elnur Sərdarlı deyir ki, nazirlik hələ ki, sınaq mərhələlərini icra edir. Hansı şirkətlə əməkdaşlıq ediləcəyi sual altındadır.
“Bundan əvvəl BYD şirkətindən alınan avtobus 33 nəfərlik oturacaqlı idi. Sərnişin tutumu 82 nəfər olan bu avtobuslar tam şarjla 350 km məsafə qət edir. Son gətirilən avtobus da demək olar ki, əvvəlki ilə eyni tutuma malikdir. 85 nəfərlik tutumu olan avtobus 350 km yol gedir. Məsələ burasındadır ki, layihənin konkret tarixi elan edilməyib. Sınaq mərhələsindən sonra hökumətə təklif ediləcək. Sonrakı mərhələdə pulun ayrılması və avtobusların gətirilməsi bir xeyli zaman tələb edir”.
Ekspertin sözlərinə görə, elektrik mühərrikli avtobusların gedişhaqqı qiymətlərinə təsiri yalnız dövlətin dəstəyi ilə ola bilər.
“Düşünmürəm ki, qiymətlər ucuzlaşa. Çünki, Bakıda 1700 civarı avtobus var. Rəsmi məlumata görə, onların 1300-ə qədəri "Avro 6" standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. CNG daha ucuz başa gəlir. Amma, qiymətlərdə fərq görünmür. Sahibkarlar dizelin qiymətinin artımı ilə gedişhaqqını da artırdılar. Çünki bilirdilər ki, artıq bazardan çıxırlar. Çox az sayda sahibkarın müasir avtobus parkı, qaz doldurma məntəqəsi var. Elektrik mühərrikli avtobuslar isə onsuz da bahadır. Onların sistemini qurmaq da ucuz başa gəlməyəcək. Yalnız dövlət dotasiya ayırsa və güzəştlər etsə, o halda qiymətin enməsindən söhbət gedə bilər”.