Hindistan Ərəbistan dənizində hərbi gəmilərini hərəkətə keçirdi
Hindistan Hərbi Dəniz Qüvvələri Liberiya bayraqlı yük daşıyıcısının qaçırılması cəhdindən sonra Ərəbistan dənizində gəmilərini və patrul təyyarələrini yerləşdirib.
Bu barədə “Operativ Media” “Hindustan Times”a istinadən xəbər verir.
Qeyd olunub ki, Ərəbistan dənizində Liberiya bayraqlı “MV Lila Norfolk” gəmisinə 6 silahlı şəxsin hücum etməsi barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları portalına məlumat daxil olub. Həmin vaxt “MV Lila Norfolk” adlı gəminin Braziliyadan Bəhreynə yük daşıdığı qeydə alınıb.
Hindistan Hərbi Dəniz Qüvvələrinin sözçüsü Vivek Madhval gəmidə xilasetmə əməliyyatının aparıldığını bildirib. O, sözügedən silahlı şəxslərin gəmidə olmadığını qeyd edib: "15-i Hindistanlı olmaqla 21 nəfərin hamısı təhlükəsiz şəkildə təxliyə edilib".
Adam oğurluğu cəhdinə görə məsuliyyəti hələ ki, heç bir təşkilat üzərinə götürməyib.