Türkiyədə tətil bu yay daha başa gələcək
Yay tətilinə hazırlaşanlar qənaət etmək üçün indidən tətil planlarına başlayıblar. Elə məhz buna görə də, aviadaşıyıcılar və turizm şirkətləri yay üçün yanvar ayının ikinci yarısından başlayaraq aprel ayına qədər endirim kampaniyaları təqdim edir.
“Operativ Media” ya açıqlama verən turizm üzrə ekspert Elgün Babayev deyir ki, erkən rezervasiya xüsusən Türkiyədə olan otellər üçün daha sərfəlidir.
Onun sözlərinə görə, hər il erkən rezervasiya dövründə vətəndaşlar yaya nisbətən 30 faiz daha qənaət etmiş olurdu. Bu il isə vəziyyət fərqlidir:
“Səyahətə hazırlaşanlar hər il sərfəli qiymətlər təklif edilən erkən rezervasiyaları gözləyirlər. Ancaq bu il belə kampaniyalar açılsa da, qiymətlər heç də ürəkaçan olmadı. Turpaketlərin qiyməti ötən il ilə müqayisədə 30 faizə yaxın bahalaşıb. Azərbaycanlı turistlərin ən çox üz tutduğu Türkiyənin kurort bölgələrində 2 nəfər üçün 1 həftəlik istirahət qiyməti 1200 dollardan başlayır. Bu 3 ulduzlu otellər üçün keçərli qiymətdir. 4 ulduzlu otellər isə 1500 dollardır. Qiymətə təyyarə bileti, tibbi sığorta, qarşılama və yola salma, gündə 3 dəfə qidalanma daxildir. Bəzi otellərdə isə yemək 5 dəfə verilir və bütün içkilər limitsizdir”.
Elgün Babayev deyir ki, qiymət artımı səfər edənlərin sayına təsir edəcək. Qiymətin artmasının əsas səbəbi isə qonşu ölkə Türkiyədə inflyasiyanın kəskin artmasıdır:
“Azərbaycan və rusiyalı, eləcə də digər ölkələrdən olan turistləri Türkiyəyə cəzb edən əsas amil otellərin “All inclusive” paketləridir. Avropda “All inclusive” xidmət təqdim edən otel çox az saydadır. Bir neçə il əvvəl Türkiyədə də bəzi otellər bu kampaniyadan imtina etməyə çalışsa da, turist sayı kəskin azaldı. Görünən odur ki, otellər artan xərcləri qiymətlərə tətbiq etdilər. Mövcud vəziyyət odur ki, bu qiymətlər süni deyil. Real bazarda vəziyyət belədir. İndiki qiymətlər isə yayda daha da artmış olacaq”.