Türkiyədə təqaüd proqramı tələbələrə nə vəd edir? - AÇIQLAMA
Türkiyədə təhsil almaq üçün təqaüd proqramına qeydiyyat yanvarın 10-dan bəri başlayıb. Təqaüd proqramından uğurla keçən şəxslər Türkiyə universitetlərində tam və ya yarı təqaüdlə təhsil almaq imkanı qazanırlar.
Bəs bu proqram tələbələrə nə vəd edir və buna kimlər qoşula bilər?
Mövzu ilə əlaqədar Türkiyə təqaüd proqramı üzrə mütəxəssis Tapdıq Nəcəfəliyev "Operativ Media"ya açıqlamasında qeyd edib ki, Türkiyə təqaüd proqramı çərçivəsində bakalavr, magistr və PhD dərəcələri üçün müəyyən şərtləri qarşılayan hər kəs müraciət edə bilər:
"Türkiyə təqaüd proqramı universitet və ixtisasların seçilməsi, aylıq təqaüd, universitet haqqı, tibbi sığorta, yataqxana xərcləri, uçuş biletləri və pulsuz akademik və mədəniyyət proqramlarını əhatə edən dünyada ən əhatəli təqaüd proqramlarından biri olaraq qəbul edilir. İl ərzində 100 dən çox ölkədən minlərlə tələbə müraciət edir. Türkiyə Burslarına edilən müraciətlərin qiymətləndirilməsi iki mərhələdə həyata keçirilir: akademik müvəffəqiyyət və müsahibə mərhələsi.
Türkiyə Burslarına müraciət edəcək tələbələrin qiymətləndirilməsi müəyyən meyarlara görə müəyyən edilir. Bunlara aiddir:
1. Bakalavr dərəcəsi üzrə müraciət etmək istəyənlər (attestat və universitetə daxil olma imtahanının nəticəsi (qəbul balı));
2. Magistr dərəcəsi üzrə müraciət etmək istəyənlər(bakalavr qiymətlərinin ümumi ortalaması – magistratura pilləsi üçün 75 minimum göstərici tələb olunur (GPA));
3. Universitetin son kursunda təhsil alanlar universitetdən arayış almalıdır, artıq universiteti bitirənlər isə diplomu əlavə etməlidir.
4. Varsa, sosial fəaliyyəytlə bağlı diplom, sertifakat və başqa göstəricilərin əlavə edilməsi lazımdır.
Ekspert təqaüd proqramını qazanmaq üçün şansı artıran nüanslardan da bəhs edib:
"Türkiyə təqaüd proqramını qazanmaq üçün GPA-nın yüksək olması, referans və niyyət məktublarına diqqət edilir. Referans alacağınız müəllimlərin elmi dərəcələrin yüksək olması və niyyət məktubun müfəssəl yazılması Türkiyə burslarını qazanma şansını daha da artırır".
T. Nəcəfəliyev qeyd edib ki, bu proqramdan müvəffəqiyyətlə keçən tələbələr həm də sosial həyatlarında da nailiyyətlər əldə edirlər:
"Türkiyə burslarını qazanan biri olaraq və Türkiyə burslarının qazanılmasında bir çox tələbəyə kömək etmiş birisi olaraq qeyd edə bilərəm ki bu təqaüd proqramı təhsil bilgilərimizlə yanaşı dünya görüşümüzün formalaşmasına da önəmli rol oynayır. Türkiyə burslarını qazanan tələbələr ayrı-ayı ölkələrədən olan tələbələri tanımaqla gələcək həyatında önəmli rol oynayacaq sosiallaşma keçirlər, Türkiyənin ayrı-ayrı şəhərlərində elmi konfranslarda iştirak edirlər. İxtisasları ilə əlaqədar Türkiyənin önəmli elm adamlarının seminarlarında iştirak edilməsinə imkan yaradılır ki, bu da təhsil üçün Türkiyə burslarını qazanan tələbələrinin təhsil və sosial fəaliyyətlərinin daha effektiv olmasına imkan yaradır".
Qeyd edək ki, Türkiyədə təqaüd proqramına son müraciət tarixi 20 fevral bitir.