“Yarımçıq tikililər gələcəkdə daha da çox problem yaradacaq. 15 ildən çox tikinti işi gedən yarımçıq binalar var. Təkcə paytaxtda 200-dən çox yarımçıq tikili var ki, bu da az rəqəm deyil”
Bunu “Operativ Media”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Azər Bilalov deyib.
Ekspertin sözlərinə görə, yarımçıq tikililərin inşasının başa çatdırılmamasının bir neçə səbəbi var. Bu səbəblərdən bəziləri həll edilə bilən olsa da, bəzilərini həll etmək faktiki real görünmür.
“Başlıca səbəb MTK sahiblərinin maliyyə problemidir. İnvestor düşünür ki, binanı tikməyə başlayım, müəyyən mərhələdən sonra hissə-hissə sataraq yerdə qalanın tikərəm. İkinci əsas məsələ əksər yarımçıq tikililərin investorları arasında çəkişmə olur. Ortaqlar arasında yaranan anlaşmazlıq maddi problemlərə gətirir. Digər bir amil var ki, Bakının sıxlıq əmsalının gözlənilməməsidir. Bakıda bir çox ərazilərdə ərazinin tikinti sıxlığı əmsalı tətbiq edildiyindən layihələr dayandırılıb. Tikinti şirkəti ilkin layihədə vətəndaşlara məxsus evləri alaraq 20 və daha artıq mərtəbəli binanın tikintisini nəzərdə tutub. Lakin Səbail, Sabunçu və bir sıra rayonlarda ərazinin tikinti əmsalı yalnız 12 mərtəbəli bina tikməyə icazə verir. Belə olan halda isə şirkət nəzərdə tutduğu qazancı əldə etmək üçün ya iki qat qiymətə satmalı, ya da tikintini yarımçıq saxlayıb yeni investor tapmalı olur. Buna görə də bir sıra ərazilərdə bu məsələ vətəndaşla şirkət arasında ciddi problemlərə səbəb olub. Şirkət vətəndaşa vəd verib ki, 3 ilə tikintini tamamlayıb mənzil verəcək. Bu müddətdə isə kirayə pulu ödənməlidir. Məhkəmələrdə bununla bağlı nə qədər şikayət var. Hər gün də artır”.
Ekspert deyir ki, yarımçıq binnalar təhlükə mənbəyidir. Gələcəkdə ciddi problemlərə səbəb ola bilər.
“Binaların damı örtülməyib. Yağan yağış, qar su betonu aşındırır. Binanın dayanıqlılığı beton və armaturdan asılıdır. Siz indi təsəvvür edin 5 il, 10 il üstü örtülməyən binanın nə keyfiyyəti olacaq. Əslində qanunvericilikdə konkret mərtəbə sayına uyğun tələblər müəyyən edilib. Əgər MTK müflis olubsa, nizamnamə kapitalı müsadirə edilib, yarımçıq tikili hərraca çıxarılmalıdır. Bizdə isə bu praktika yoxdur”.






