
"Samsung" şirkəti 2023-cü ildə ardıcıl olaraq 18-ci dəfə televizor bazarının lideri olub.
"Operativ Media" bu barədə "Omdia" analitik şirkətinin yeni hesabatına istinadən xəbər verir.
Hesabata görə, "Samsung"un qlobal televizor bazarındakı payı 2023-cü ildə 30,1% təşkil edib. Şirkət ötən il 8,31 milyon QLED və NeoQLED televizor satıb. Üstəlik, 2017-ci ildə ilk QLED televizorlarının buraxılmasından bu yana "Samsung" 44 milyondan çox belə cihaz satıb.
Cənubi Koreya şirkəti premium TV seqmentində lider mövqeyini qoruyub. 2023-cü ilin sonuna qədər "Samsung" bu seqmentdə 60,5% ilə böyük bazar payına sahibdir. Bu, 2022-ci illə müqayisədə 12,2% çoxdur.
“Samsung” şirkəti 2022-ci ildə ilk OLED televizorunu təqdim edəndən bəri bir milyondan çox OLED televizor satıb və bazarın 22,7%-ni ələ keçirib. Şirkət daha böyük ekran ölçülərinə malik cihazlar hesabına bu il OLED TV satışlarının artacağını gözləyir.
"Samsung Electronics"in TV bölməsinin prezidenti Yeon Seok-woo bildirib ki, şirkət qarşıdakı illərdə Micro LED ekranlı televizorları daha sərfəli etmək üçün çalışacaq. İlk növbədə ekran diaqonalını azaltmaqla bu cür cihazlarda qiymətdə endirim təmin ediləcək.